Prezident İlham Əliyev 2017-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
“Mən şadam ki, gənc idmançılarımız da bizi qələbələrlə sevindirirlər. Yeniyetmə, uşaq idmanı olmadan idman uğurlarından danışmaq mümkün deyil. Gənc nəsil də yetişir, artıq yarışlara çıxır, qələbələr qazanır və beləliklə, idman uğurlarımızın ardıcıllığı təmin olunur. Əgər biz iştirak etdiyimiz bütün yay Olimpiya oyunlarının nəticələrinə fikir versək görərik ki, hər dəfə daha böyük sayda medallar qazanırıq. Yəni, idmançıların hazırlığı, gənclərin, yeniyetmələrin idman bölmələrinə gəlmələri bu nəticəni təmin edir. Son Rio Yay Olimpiya Oyunlarında Azərbaycan medalların sayına görə dünya miqyasında 14-cü yerə qalxıb. Bu, tarixi qələbədir. Bu qələbəni bir neçə il bundan əvvəl təsəvvür belə etmək mümkün deyildi. Bu qələbəni biz cəmi 25 il ərzində qazanmışıq. Yəni, müstəqilliyimizin 25 illiyinə təsadüf edən Rio Olimpiya Oyunlarında biz belə böyük qələbəni qazanmışıq və müstəqilliyimizə bunun çox böyük töhfəsi olub. Azərbaycan xalqı bir daha bütün dünyaya göstərdi ki, Azərbaycanda idman yüksək səviyyədədir. Əgər idman nəticələrinə fikir versək görərik ki, əksər hallarda idman ancaq inkişaf etmiş ölkələrdə sürətlə inkişaf edir. Çünki idmanın inkişafı üçün böyük vəsait lazımdır”.
Bunu Azərbaycan prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsində 2017-ci ilin idman yekunlarına həsr olunan mərasimdə deyib.
“Ona görə idmanın inkişafı inkişafımızın ümumi kontekstində mühüm yer tutur. Azərbaycan hər bir istiqamət üzrə son illər ərzində uğurlu inkişaf yolu keçib. Güclü iqtisadi imkanlarımız, beynəlxalq mövqelərimizin gücləndirilməsi, beynəlxalq aləmdə Azərbaycanın çox hörmətli ölkə kimi qəbul edilməsi, əlbəttə ki, bizim ümumi uğurlarımıza şərait yaradır. İdman cəmiyyətimizin ayrılmaz hissəsidir. İdmançılar cəmiyyətdə böyük hörmətə malikdirlər. Onu da qeyd etmək istəyirəm ki, idmançılarımızın mütləq əksəriyyəti, xüsusilə bizim tanınmış idmançılarımız məişətdə də gənclər üçün nümunədir. İdmançılarımızın qələbələri və dövlət tərəfindən onların mükafatlandırılması uşaq, yeniyetmə, gənc idmançılarda da ruh yüksəkliyi yaradır. Onlar da görkəmli çempionlar kimi olmaq, böyük uğurlar qazanmaq, öz bayrağını qaldırmaq istəyirlər və istəyirlər ki, xalq onları tanısın və onlara hörmət etsin”, - deyə o vurğulayıb.
Prezident qeyd edib ki, ona görə bu gün idmana sadəcə olaraq bir sahə kimi baxmaq mümkün deyil: “İdman hər bir ölkənin ictimai həyatında çox böyük rol oynayır. Təsadüfi deyil ki, ölkələr çalışırlar beynəlxalq yarışlarda, dünya çempionatlarında, xüsusilə Olimpiya oyunlarında daha yüksək yer tutsunlar. Çünki bu, ölkələrə daha böyük şöhrət gətirir. Əgər İslam Həmrəyliyi Oyunlarının tarixçəsinə nəzər salsaq görərik ki, nə qədər gərgin mübarizə gedib. Eyni zamanda, Avropa Oyunlarında da gərgin mübarizə gedib. Əlbəttə ki, bu iki mötəbər yarışda birinci, ikinci yerləri tutmaq bizim tarixi qələbəmizdir. İdmanın inkişafı bundan sonra da diqqət mərkəzində olacaq. Bu il biz, eyni zamanda, Milli Olimpiya Komitəsinin 25 illiyini qeyd etdik. Bu tədbirdə də mən öz fikirlərimi bildirdim. Bundan sonra da Azərbaycan dövləti idmançılara öz qayğısını əsirgəməyəcək, idmanın inkişafı üçün nə lazımdısa biz onu da edəcəyik. İdmançılara isə yeni-yeni qələbələr, yeni uğurlar arzulayırıq. Mən bu fürsətdən istifadə edərək, - biz hər il ilin sonunda görüşürük, - bütün idmançıları qarşıdan gələn Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik etmək istəyirəm, sizə yeni uğurlar, yeni qələbələr arzulayıram”.
Facebook-da paylaş