Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Tarixə yazılan imza. Akademik Nərgiz Paşayevanın Oksford fəaliyyəti haqqında düşüncələr



Dekabrın 13-ü Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, AMEA-nın həqiqi üzvü, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri Nərgiz Paşayevanın doğum günüdür. Bu münasibətlə Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü, telejurnalist, “Qızıl qələm” mükafatı laureatı Eldar İskəndərzadə akademik Nərgiz Paşayevanın həyata keçirdiyi layihələr, Azərbaycan elminin, ədəbiyyatının dünyada tanıdılması və təbliği istiqamətində gördüyü işlər barədə təəssüratlarını qələmə alıb, görkəmli alimin Oksford fəaliyyəti haqqında düşüncələrini bölüşüb.

BrendSport.az saytının Gənclər Şöbəsi xəbər verir ki, AZƏRTAC Eldar İskəndərzadənin “Tarixə yazılan imza” sərlövhəli qeydlərini təqdim edir.

Dayanmaq bilmədən ötən, adına zaman dediyimiz hər dəqiqə, hər an dünənin başlanğıcı, indinin yaşamı, sabahın dünənidir. Bir həqiqət var ki, hər vaxt kəsiyi bəşər həyatı üçün yaddaqalan hansısa bir hadisə ilə əbədilik tapır. Deməli, zamanın əbədilik tapan hissəsi adına tarix dediyimiz yaddaşın özüdür. Qəribədir ki, hadisələrin tarixiliyi çox zaman onların əbədilik tapdığı dövrdə yaşayan insanlar tərəfindən qədərincə dərk edilmir. Zaman baxımından müəyyən dövrün keçməsi mütləqdir ki, tarixləşən hadisənin əzəmətini görmək mümkün olsun. Bu mənada Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, AMEA-nın həqiqi üzvü, Rusiya Təhsil Akademiyasının akademiki, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri akademik Nərgiz Paşayevanın həyata keçirdiyi layihələr, qazandığı uğurlar Azərbaycan elminin, ədəbiyyatının dünyada tanıdılması və təbliği istiqamətində yaddaşa çevrilən tarixi hadisələrdir.

Mən bir qələm əhli, bir söz-sənət adamı, ən nəhayət bir vətəndaş olaraq məhz Azərbaycanın dünya arenasında təbliği və tanınması üçün gərgin zəhmət sərf edən, Azərbaycanın tanınmış ədəbiyyatşünas-aliminin ölkəmiz adına qazandığı bu misilsiz nailiyyətləri görəndə qürur hissləri keçirirəm. Mən, sadəcə olaraq, bu qürur hisslərindən aldığım təəssüratları dəyərli elm xadiminin doğum günü ərəfəsində Azərbaycan oxucusu ilə bölüşməyə ehtiyac duydum. Düşündüm ki, bu mühüm işlərin əsl mahiyyəti haqqında bəlkə də çoxunun müfəssəl məlumatı yoxdur. Amma gördüyü işlərin xalq tərəfindən dəyərləndirilməsi zəhmət çəkənin haqqı olduğu kimi, dəyərli işlərdən xəbərdar olmaq, nailiyyətləri zəhmət çəkib görmək də xalqın haqqıdır.

2013-cü ildən başlayaraq akademik Nərgiz Paşayevanın dünyanın ali məktəbləri sırasında birinci yerdə olan Oksford Universiteti kimi məşhur elm və təhsil ocağında Azərbaycanla əlaqəli gördüyü işləri izləyirəm. “Çəkilən zəhmət barsız olmaz” deyib müdriklər. Nəticədə dahi Azərbaycan şairi Nizami Gəncəvi irsinin öyrənilməsi, təbliği sahəsində ən möhtəşəm bir layihənin icrası başa çatdı. Biz bu gün Londonda, Böyük Britaniyanın paytaxtında, dünya universitetləri sırasında birinci yerdə olan Oksford Universitetinin nəzdində Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzinin fəaliyyətə başlaması kimi mühüm tarixi hadisənin şahidləriyik. Tarixilik ondadır ki, bu layihə son və qəti şəkildə Nizaminin Azərbaycan xalqına məxsusluğunu təsdiq etdi. Bu gün dünyanın düşünən beyin mərkəzi olan Avropa bu klassik Şərq şairinin azərbaycanlı olduğunu bilir, onu öyrənir, mənimsəyir və onun simasında ölkəmizi tanıyır. İllər sonra hər hansı avropalının yanında Nizaminin adı çəkilsə, dərhal Azərbaycanı düşünəcək, Azərbaycan deyiləndə Nizami Gəncəvi xatırlanacaq.

Bu möhtəşəm proqramın ideyası hələ 2013-cü ildə, professor Robert Hoylandın Azərbaycanın arxeoloji tədqiqat obyektləri ilə tanışlıq məqsədilə ölkəmizə etdiyi səfər zamanı akademik Nərgiz xanım Paşayeva ilə görüşü nəticəsində meydana gəldi. İdeyaların həqiqətə çevrildiyi andan isə ilkin olaraq beş əsas istiqamət üzrə fəaliyyət proqramı müəyyən edildi. Birinci istiqamət Nərgiz xanım Paşayevanın 2013-cü il dekabrın 28-də Oksford Universitetinin Şərqşünaslıq fakültəsinin alimləri qarşısında etdiyi çıxışda dediyi “Azərbaycanın iki qürur mənbəyi varsa, bunlardan biri Nizami Gəncəvidir” fikrinin təsdiqi olaraq, şərqşünas-alim Yevgeni Bertelsin “Nizami - böyük Azərbaycan şairi” əsərinin ingilis dilinə tərcümə edilərək bu nüfuzlu elm ocağında nəşr edilməsinin qərara alınması oldu. Beləliklə, 2017-ci il iyun ayının 5-də Londonda, XIX əsr Kraliça Viktoriya dövründə təsviri incəsənətin əsasını qoyan məşhur rəssam Lord Leytonun ev-muzeyində Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzinin ərsəyə gətirdiyi Yevgeni Bertelsin “Böyük Azərbaycan şairi Nizami” (The Great Azerbaijani Poet Nizami) kitabının ingilis dilində ilk akademik tərcüməsi təqdim olundu. İlk dəfə 1940-cı ildə rus dilində işıq üzü görən, həmin vaxtdan sonra nəinki ingilis dilində, ümumiyyətlə, təkrar nəşr olunmayan bu fundamental əsər dünyanın ən zəngin, ən tanınmış kitabxanalarından olan Britaniya Kitabxanasından götürülən orijinal illüstrasiyalarla birlikdə Britaniyanın “Gilgamesh” nəşriyyat evində məhz akademik Nərgiz Paşayevanın zəhməti sayəsində nəfis şəkildə çap edildi.

İkinci istiqamət olaraq qədim xristian çarlığı - Qafqaz Albaniyasının paytaxtı Bərdə şəhərində Oksford Universitetinin alimləri tərəfindən arxeoloji qazıntıların aparılması qəbul edildi. Akademik Nərgiz Paşayeva qədim İslam tarixi üzrə dünyada tanınmış alimlərdən biri olan professor Robert Hoylandın bu məsələyə xüsusi önəm verdiyini nəzərə alıb qazıntıların nəticələrinin beynəlxalq elmi ictimaiyyətə məhz Azərbaycanın qədim tarixi kimi təqdim edilməsi məsələsini reallaşdırdı. Yeri gəlmişkən qeyd edilməlidir ki, Ermənistanın Dvin şəhəri hələ 1937-ci ildən muzey kimi fəaliyyət göstərir və qədim xristian çarlığı - Qafqaz Albaniyasının az qala yeganə tarixi yadigarı kimi təqdim olunur. Nərgiz xanım Paşayeva məhz Bərdənin, eləcə də Qafqaz Albaniyasının Azərbaycan ərazisində olan digər şəhərlərinin öz qədim irsi və zəngin tarixi ilə dünyanın elmi ictimaiyyətinə daha müfəssəl məlumat verə biləcəyi fikrini irəli sürərək qədim xristian çarlığının əsl yadigarlarının ölkəmizin ərazisində axtarılması zərurətini ortaya qoydu.

Qafqaz Albaniyasının tarixinin düzgün istiqamətdə öyrənilməsi məqsədilə Nizami Gəncəvi Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri, akademik Nərgiz Paşayevanın təşəbbüsü və Oksford Universitetinin professoru Robert Hoylandın rəhbərliyi ilə həmin universitetinin arxeoloqları ilk dəfə olaraq Bərdədə qazıntı işləri aparmaq üçün Azərbaycana gəldi. 2015-ci ildən başlayaraq Oksford Universitetinin “Brasenose” kollecinin doktoru Paul Vordvorsun rəhbərlik etdiyi Britaniyalı Arxeoloji Ekspedisiyası Bərdənin mərkəzində yerləşən Torpaqqala ərazisində qazıntılar apardı. XI-XIII əsrlərin izlərinə qədər gedib çıxan alimlər arxeoloji qazıntılar nəticəsində Bərdənin kifayət qədər inkişaf etmiş şəhər olduğunu aşkara çıxardı. Bərdənin kənarında, Qaratəpə adlanan yerdə IV-V əsrlərə aid olan yaşayış məskəni aşkar olundu. Qazıntıların nəticəsi beynəlxalq elmi ictimaiyyətə elə həmin elmi ictimaiyyətin öz nümayəndələrinin tədqiqatlarının nəticələri kimi məhz Azərbaycanın qədim tarixinin bir hissəsi olaraq təqdim edilməsi tarixi həqiqətlərin bərpa olunması istiqamətində olduqca mühüm nailiyyətdir. Bəli, bu nailiyyətin əsasında akademik Nərgiz Paşayevanın gərgin əməyi və tarixə yazılacaq imzası dayanır. Bu tədqiqatın əsas məqsədi Bərdə və Qafqaz Albaniyasının başqa şəhərlərinin qədim və zəngin tarixi haqqında dünyanın elmi ictimaiyyətinə daha dolğun məlumat çatdırmaq olub. Əslində isə Azərbaycan həqiqətlərini “öz gözləri ilə görüb, öz fəaliyyəti ilə” araşdıran dünya alimlərini, eləcə də dünyanın elmi ictimaiyyətini bundan sonra yanlış məlumatlarla, “erməni tarixi” adı ilə, saxta “dəlillərlə”, necə deyərlər, “təəccübləndirmək” mümkün olmayacaq. Bir məsələni də xüsusilə vurğulamaq yerinə düşər ki, Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin arxeoloqlarından ibarət ekspedisiya heyətinin Azərbaycan Tarix Muzeyi ilə əməkdaşlıq etməsi, eləcə də muzeydə ekspedisiya üzvləri ilə Azərbaycan alimlərinin bir neçə görüşünün keçirilməsi, həmçinin arxeoloji qazıntılar nəticəsində tapılan eksponatların qorunması və saxlanması üçün həmin muzeyə təqdim olunması Azərbaycan tarixinin, həm öyrənilməsi, həm də təbliği istiqamətində olduqca böyük əhəmiyyətə malikdir. Bundan başqa akademik Nərgiz Paşayevanın təklifi ilə mərkəzin arxeoloji ekspedisiyası 2017-ci ildən Bakı Dövlət Universitetinin Tarix fakültəsinin arxeologiya bölməsinin bir aspirantını və iki tələbəsini arxeologiya sahəsində elmi və praktiki biliklərini artırmaq məqsədilə Bərdədə aparılan işlərə cəlb edib.

Nizami Gəncəvi Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri, akademik Nərgiz Paşayeva tərəfindən Azərbaycanda mədəni irsin qorunması məqsədilə ilk dəfə olaraq Britaniyanın “Sərhədsiz İrs” təşkilatı da Bərdə Arxeoloji Ekspedisiyasının işinə cəlb olunub. Bu təşkilat dünyanın müxtəlif yerlərində bəşəriyyətin mədəni irsinin qorunması üçün aparıcı mütəxəssisləri bir araya gətirir və işlədiyi ölkələrdə aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən maddi-mədəniyyət nümunələrinin qorunmasını və mühafizəsini təşkil edərək, gələcək nəsillərə ötürülməsini təmin edir. Məhz buna görə akademik Nərgiz Paşayevanın təşəbbüsü ilə Britaniyanın “Sərhədsiz İrs” təşkilatının rəhbəri, arxeologiya üzrə mütəxəssis doktor Dominika Darkangelo Bakıda və Bərdədə olub, Azərbaycan Tarix Muzeyinin əməkdaşlarına arxeoloji tapıntıların qorunması və mühafizəsi, aşkar edilən maddi-mədəniyyət nümunələrinin konservasiyası və saxlanma üsulları ilə bağlı tövsiyələr verib.

Tarixə xidmət, elə tarixi xidmətdir... Bu mənada akademik Nərgiz Paşayevanın gördüyü işlərin miqyası Azərbaycan elm tarixinin son on illiklərinin ən yüksək məqamlarını əhatə etməkdədir. Nizami Gəncəvi Elmi Mərkəzin fəaliyyətinin üçüncü istiqaməti Azərbaycan ərazisində qədim şəhərlərin olduğu yerlərdə sovet dönəmində və ondan sonrakı illərdə aparılan arxeoloji qazıntıların ilkin xəritəsinin hazırlanmasıdır ki, bu da mərkəzin rəsmi internet saytında yerləşdirilməklə gələcək elmi-tədqiqatlar üçün dəyərli mənbədir.

Dördüncü istiqamət Mərkəz tərəfindən ildə bir neçə dəfə elmi konfrans və seminarların təşkil edilməsi və keçirilməsidir.

Dövri mətbuatda gedən məlumatlardan: 2015-ci il iyunun 6-da Oksford Universitetinin Nizami Gəncəvi adına Mərkəzinin təşkil etdiyi ilk elmi tədbir, Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun Qədim Antik Dövr Mərkəzi ilə birgə keçirdiyi “Şərqi Qafqaz son antik dövrdən erkən İslam dövrünə qədər” adlı elmi-praktik konfransdır. Oksford Universitetinin tarixində ilk dəfə olaraq konfransda Azərbaycanın qədim tarixinin və mədəniyyətinin məhz antik dövrdən İslama qədərki dövrü müzakirə edilib və gələcək tədqiqat işləri üçün atılacaq addımlar müəyyənləşdirilib. Tədbirdə Mərkəzin Azərbaycan tərəfdən rəhbəri, akademik Nərgiz Paşayeva, Mərkəzin İngiltərə tərəfdən rəhbəri professor Edmund Hertsiq, Böyük Britaniyanın Bizans imperiyasının tarixi üzrə ən tanınmış mütəxəssislərindən sayılan, Oksford Universitetinin Korpus Kristi Kollecinin fəxri üzvü, professor Ceyms Hovard-Conston, Şotlandiyanın Edinburq Universitetinin Roma arxeologiyası üzrə professoru, Oksford və Tübingen universitetlərinin mühazirəçisi, eyni zamanda, Böyük Britaniyanın Farsşünaslıq İnstitutunun və Romaşünaslığın Təbliği Cəmiyyətinin şura üzvü Eberhard Zaur, İngiltərənin Durham Universitetinin arxeologiya üzrə doktoru Dan Lourens, Almaniyanın Fridrix Şiller Universitetinin professoru Annaqret Plöntke Lüninq və başqaları iştirak ediblər.

Təbii ki, dünya elminin tanınmış nümayəndələrinin toplantısında Azərbaycan tarixinin və mədəniyyətinin müəyyən mərhələsinin müzakirəsini təşkil etmək sıradan adi, asan başa gələn məsələ deyil. Buna görə Azərbaycan tarixinin, mədəniyyətinin, elminin Avropa səviyyəsində təbliğinə və öyrənilməsinə böyük zəhmət bahasına nail olan akademik Nərgiz Paşayevanın xidmətlərini qeyd etmək, onun yaratdığı və Azərbaycan tərəfdən rəhbəri olduğu Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin fəaliyyətini təqdir etmək vacibdir. Konfransda ilk dəfə olaraq Oksford Universitetinin, habelə dünyanın aparıcı ali məktəblərinin Qafqazşünas alimləri bir araya gəlib. Bu alimlərin sırasında Qafqaz Albaniyasının tarixi ilə, eləcə də kilsə arxitekturası ilə bağlı dəyərli elmi işləri olan elm adamları təmsil olunub. Akademik Nərgiz Paşayevanın qeyd etdiyi kimi həmin alimlər heç vaxt azərbaycanşünaslıq mövzusunun müzakirəsinə cəlb edilməmiş, öz işlərini daha çox Ermənistanın qədim tarixinə aid konfrans və seminarlarda təqdim etmişlər. Bədnam qonşumuzun bizi kölgə kimi izləyən qondarma “tarix”i burada da uzun müddət yanlış təsəvvürlərin həqiqət kimi qəbul olunmasına şərait yaradıb. Necə olsa da, həqiqətən “yalan ayaq tutsa da heç vaxt yerimir”... XX əsrin ortalarında Oksford Universitetində Qalust Gulbenkyan tərəfindən Şərqşünaslıq fakültəsində erməni tarixinin, mədəniyyətinin və dilinin tədrisi üçün maliyyə vəsaiti ayrılıb. Bunun nəticəsində bu gün erməni dili, tarixi və mədəniyyəti universitetdə dərindən öyrənilir. Məşhur Bodleyn kitabxanasında müvafiq sahə üzrə onlara məxsus zəngin materiallar mövcuddur. Ən dəhşətlisi budur ki, qədim tariximiz, xüsusilə, Qafqaz Albaniyasının tarixi məhz erməni tarixi kontekstində öyrədilib və tədris edilib. Məhz buna görə də akademik Nərgiz Paşayeva tərəfindən Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzinin yaradılması bu yanlışlıqların aradan qaldırılmasına, Azərbaycanın qədim və zəngin tarixinin dünyaya düzgün çatdırılmasına xidmət edir. Akademikin təbirincə desək: “Biz, əlbəttə, XX əsrin ortalarında deyil, XXI əsrin əvvəllərindəyik və beləliklə, Oksford Universitetinə gəlişimiz yarım əsr gecikib. Lakin həqiqət bizim tərəfimizdədir və birgə səylərimiz nəticəsində bu işi tez bir zamanda görə bilərik”. Beləliklə, biz işin çətinliyini və mürəkkəbliyini hiss etməklə yanaşı, həm də bu işin öhdəsindən gələ biləcək dəmir iradəni görürük...

Dövri mətbuatda gedən məlumatlardan: 2016-cı il iyunun 11-də Oksford Universitetinin ən qədim təhsil müəssisələrindən biri olan “Brasenose” kollecində Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin növbəti beynəlxalq elmi konfransı keçirilib. “Trans-Xəzər əlaqələri (V-XIII əsrlər)” mövzusuna həsr olunan konfransda Oksford Universitetinin alimləri ilə yanaşı, Rusiya Elmlər Akademiyasının ipək və kətan üzrə aparıcı arxeoloqu və tarixçisi professor Zvezdana Dode, Rusiya Elmlər Akademiyasının Dağıstan Elmi Mərkəzində arxeologiya departamentinin rəhbəri professor Murtazəli Hacıyev, Harvard Universitetinin aparıcı arxeoloqu doktor Kərim Əlizadə, Oksford Universitetinin tarixi antropologiya üzrə mütəxəssisi doktor İrina Şingiray, ABŞ-ın Pensilvaniya Universitetinin arxeologiya üzrə aparıcı mütəxəssisi doktor Lara Fabian, Kanadanın Saskatçevan və İngiltərənin Durham universitetlərinin doktoru Kristen Hopper və Oksford şəhərində yerləşən Ətraf Mühitin İdarə Olunması Təşkilatının aparıcı arxeoloqu Çarlz de Kesne də iştirak ediblər.

Oksford Universitetinin Nizami Gəncəvi adına Elmi Mərkəzinin və onun Azərbaycan tərəfdən rəhbəri akademik Nərgiz Paşayevanın həyata keçirdiyi və müstəqil Azərbaycanın dünya miqyasında tanıdılmasına xidmət edən bu möhtəşəm, fundamental, tarixi həqiqətlərə söykənən işlər, sözün həqiqi mənasında, tarixi hadisələrdir. Uzun illər boyu reallaşdırılmayan və ya reallaşdırılması mümkün olmayan, əlçatmaz hesab edilən işlərin çoxu fədakar bir alimimizin, dəyərli bir ziyalımızın zəhməti sayəsində artıq bu günümüzün həqiqətidir. Nərgiz xanım Paşayeva çıxışlarının birində qeyd edir: “Oksford Universitetinin Şərqşünaslıq fakültəsində aparılan elmi-tədqiqat işləri dünyanın digər ali məktəbləri üçün bir örnəkdir. Qərb dünyasının ən nüfuzlu bu tədris ocağında hər hansı həqiqəti dünyaya çatdırmaq istəyən xalq, əvvəlcə öz qədim və zəngin keçmişini ortaya çıxarmalı, əsaslı elmi işlər aparmalı, ciddi və zəhmətkeş tələbələr yetişdirməlidir. Yalnız bundan sonra həmin xalq dünyada elm sahəsində mövqe tutub, söz deməyi bacara bilər”. Əslində isə bu, görkəmli alimin elmi fəaliyyətini müəyyən edən strategiya, Azərbaycan elminin dünyada mövqe tutması, söz sahibi olması üçün yaradılan etibarlı zəmin, qəbul edilən proqram, möhkəm təməldir.

Mərkəzin fəaliyyətinin müəyyən edilmiş beşinci istiqaməti isə akademik Nərgiz Paşayevanın yaratdığı Elmə və Təhsilə Dəstək Fondunun maliyyə vəsaiti hesabına Azərbaycan alimləri üçün Oksford Universitetinin Şərqşünaslıq fakültəsində təhsilini davam etdirmək, təcrübə toplamaq məqsədilə imkanların yaradılmasıdır. Bu istiqamətdə Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzi tərəfindən üç magistr və üç aspirantı əhatə edən təhsil proqramı, eləcə də Nizami Gəncəvi adına təqaüdlərin verilməsi nəzərdə tutulur ki, bu da Azərbaycan təhsilini və elmini müasir dünya elmi ilə əlaqələndirmək missiyası daşıyır.

Qürurverici haldır ki, akademik Nərgiz Paşayeva ölkəmizi Oksford Universitetinin Şərqşünaslıq fakültəsində təmsil edən ilk azərbaycanlı alimdir. Bu təmsilçilik tarixi bir missiya olaraq qədim tariximizin məhz müasir Azərbaycana məxsusluğunu göstərmək, onu elmi yolla sübut etmək məqsədi daşıyır. Bu gün Oksford Universitetinin rəsmən qəbul edilmiş və tanınmış struktur bölməsi olan Nizami Gəncəvi adına Elmi Mərkəz həmin Universitetin təkcə Şərqşünaslıq fakültəsi ilə bağlı məsələləri deyil, ümumiyyətlə, Oksford Universitetində digər sahələrdə elm və təhsillə bağlı olan bütün məsələlərdə Azərbaycan üzrə koordinator səlahiyyətlərinə malikdir. Bu mənada bu elm mərkəzinin müqəddəs amallara xidmət etdiyini, yurdumuzun varlığını nümayiş etdirə biləcək dərəcədə israrlı fəaliyyətdə bulunduğunu görürük. Nizami Gəncəvinin adını daşıyan bu elm ocağı təkcə Azərbaycanın deyil, eləcə də Qafqazın və Orta Asiyanın zəngin tarixi-mədəni irsinin, bu gün Azərbaycan ərazisində mövcud olan qədim mədəniyyətlərin, dillərin öyrənilməsi və Qərbin elmi-akademik dairələrinə tanıdılması məqsədilə Oksford Universitetinin bir hissəsi olaraq yaradılan ilk akademik elmi-tədqiqat mərkəzidir.

Tədris sahəsində fəaliyyəti əks etdirən layihələrdən biri kimi Elmi Mərkəzin dəstəyi ilə Oksford Universitetinin Şərqşünaslıq fakültəsində altı tələbənin təhsil almasını xüsusi olaraq qeyd etmək lazımdır. Bu tələbələr Böyük Britaniya, ABŞ və Almaniya vətəndaşları olaraq Azərbaycan həqiqətlərini özləri öyrənir, tədqiq edir və fəaliyyət sahələri olduğuna görə müxtəlif elmi konfrans və simpoziumlarda müzakirə edirlər. Beləliklə, Azərbaycan tarixi bütün həqiqətləri ilə tələbələrin mənsub olduqları ölkələrdə, eləcə də dünyanın elm mərkəzlərində davamlı olaraq tədqiq və təbliğ edilir. Bu gün Oksford Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alan həmin altı tələbəyə bu təhsil ocağında Nizami Gəncəvi tələbələri deyirlər. Bu, həqiqətən də akademik Nərgiz Paşayevanın Azərbaycan xalqı qarşısında böyük tarixi xidmətidir. Alim haqlı olaraq Oksford Universitetində qurulan, rəsmi statusa malik və artıq Universitetin bir hissəsi kimi qəbul olunan Nizami Gəncəvi adına Mərkəzin yaradılmasını öz peşəkar həyatının yeni mərhələsi hesab edir.

Bir anlığa düşünürsən ki, ikili standartların hakim olduğu, həqiqətlərimizi görməmək üçün gözündən şübhə pərdəsi asmış, adına Qərb dediyimiz bir dünyanın belə bir məkanında Azərbaycan həqiqətlərini söyləmək və o, həqiqətlərin isbatını etmiş xarici ölkə alimlərinin özlərinin elmi nəticələrinə əsaslanmaq Şərq müdrikliyinin təntənəsidir. Şərqlə Qərbin mübarizəsindən daha çox vəhdətinə xidmət edən elmi əlaqələrin, vahid bir dünyada formalaşan bəşəriyyətin vahid keçmişinə birgə nəzər yetirmək, keçmişlərin sirlərinə birlikdə bələdçilik etmək, bəlkə də dünyanı xilas edə biləcək gözəlliyin özüdür?! Bu yerdə Şərqlə Qərbin vəhdətinin zəruriliyini öz sanballı elmi tədqiqatları ilə həmişə önə çəkmiş, Azərbaycanın ilk qadın şərqşünas alimi Aida xanım İmanquliyeva yada düşür. Qəribədir, bu anda fikrimdən bir müdrikin maraqlı bir kəlamı keçir: “Məndən oxuduğum kitabların ən gözəlinin hansı olduğunu soruşsanız, deyərdim: ANAmdır”. Akademik Nərgiz Paşayevanın böyük zəhmət bahasına Oksford Universitetinin nəzdində yaratdığı Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzi Şərqlə Qərbin vəhdətinin ən bariz nümunəsi deyilmi?! Mənə elə gəlir ki, alimin bu istiqamətdə uğurlar qazanmasının bir səbəbi də, müdriklərin təbirincə desək, “oxuduğu kitabların ən gözəlinin ANAsı” olmasıdır. Bu yeni elmi yanaşmaların meydana gəlməsində professor Aida İmanquliyevanın fəlsəfi düşüncələrinin çox güman ki, təsiri olub. Bu qəribə bir yanaşma, yeni bir baxış, tolerant və qeyri-adi bir münasibətdir. Akademik Nərgiz Paşayevanın söylədiyi "bizim məqsədimiz Nizamini, məhz onun dahi yaradıcılığının etik-estetik qayəsinə uyğun olaraq təqdim və təsdiq etməkdir. Şeyx Nizami heç zaman parçalayıcı, ixtilaf yaradan olmayıb və ola da bilməzdi. Çünki onun yaradıcılığı insanları və məmləkətləri birləşdirici qüvvəyə malikdir. Nizamiyə görə, müxtəliflik qaçılmaz və obyektivdirsə, deməli, bir araya gəlmək bacarığı və istəyi də, vəhdətə can atmaq arzusu da inkarsız, labüd və mütləqdir" fikri Şərqlə Qərbin vəhdətinə tarixi çağırış deyilmi?! Bu gün Qərbin ən nüfuzlu ali təhsil ocağının - Oksford Universitetinin bir hissəsi olan Elmi Mərkəz Nizami Gəncəvi kimi klassik Şərq şairinin adını daşıyır. Bu mütləq həqiqət, həqiqi vəhdətdir. Akademik Nərgiz Paşayevanın 40 ilə yaxın fəaliyyəti də həmin mütləq həqiqətə xidmətə həsr olunub. Müxtəlif ali təhsil ocaqları – Bakı Dövlət, Moskva Dövlət və Oksford universitetləri alimin həyatının çox mühüm məqamlarıdır. Yeri gəlmişkən, təhsillə bağlı akademikin göstərdiyi uğurlu fəaliyyət beynəlxalq miqyasda həmişə yüksək qiymətləndirilib. Təsadüfi deyil ki, dəyərli Azərbaycan alimi Rusiya Təhsil Akademiyasının akademiki seçilib. Bu seçim sıradan bir məsələ deyil. Dünyanın nüfuzlu elm mərkəzlərindən olan Rusiya Təhsil Akademiyasına üzvlərin seçilməsi bütün akademik üzvlərin gizli səsverməsi nəticəsində baş verir. Fəaliyyətin böyüklüyü, zəhmətin miqyasının ölçüyəgəlməzliyi sayəsindədir ki, akademiyanın bütün elm xadimləri bir səslə akademik Nərgiz Paşayevanın Rusiya Təhsil Akademiyasının akademiki seçilməsini dəstəkləyib.

Akademik Nərgiz Paşayevanın yaratdığı Elmi Mərkəzin vəzifələri və fəaliyyəti barədə dediyi fikirlər həmin elm ocağının uğurlu gələcəyindən soraq verir: “Azərbaycanın zəngin tarixi və mədəniyyəti ilə bağlı bir çox məsələlərin hazırda dünya elmi ictimaiyyəti üçün böyük maraq doğurduğu sirr deyil. Əsas odur ki, bizim apardığımız elmi araşdırmaların müsbət, dünya elmi ictimaiyyəti tərəfindən qəbul olunmuş nəticələri olsun və gələcək tələbələrimiz araşdırmalardakı boşluqları doldurmaq üçün obyektiv - Oksford Universitetinin malik olduğu baxışa sahib olsunlar. Ümid edirəm ki, biz Oksford Universitetinin Nizami Gəncəvi adına Mərkəzi vasitəsilə Azərbaycan və onun yerləşdiyi bölgə haqqında dünyanın elmi ictimaiyyətində maraq doğuran bütün suallara cavab tapa biləcəyik".

Akademik Nərgiz Paşayevanın bu istiqamət üzrə fəaliyyət proqramı həm də dünyanın məşhur elm adamları ilə çoxsaylı görüşlərdən, apardığı danışıqlardan ibarət olub. Çoxsaylı görüşlərdən birini yada salmaq istərdim. Bodleyn Kitabxanasının direktoru, Amerika Filosoflar Cəmiyyətinin üzvü, Londonun Antik Kitab və Nadir Əşyaların Qorunması Cəmiyyətinin üzvü Riçard Ovenden və Bodleyn Kitabxanasının inkişaf departamentinin rəhbəri Eleyn Gallagher ilə keçirilən işgüzar görüş, müzakirə edilən məsələlərin aktuallığı, əldə edilən razılaşmanın mühüm olması ilə yadda qalıb. Bu kitabxananın möhtəşəmliyi barədə bir neçə cümlə ilə oxucunu məlumatlandırmaq istəyirəm. Bodleyn Kitabxanası Oksfordda yerləşən dünyanın ən böyük kitab məbədlərindən biridir. Bodleyn Kitabxanası sahəsinə və ölçülərinə görə İngilis Kitab Depozitariyasından sonra ikinci, Vatikan Kitabxanası ilə yanaşı, Avropanın ən qədim kitabxanasıdır. Bu gün Bodleyn Kitabxanasının fondu təxminən 11 milyon kitabdan və yazı nümunələrindən ibarətdir. Kitab rəflərinin ümumi uzunluğu 200 kilometrdən çoxdur.

Oksford Universitetinin Bodleyn Kitabxanasının əsas binasında akademik Nərgiz Paşayeva və kitabxananın direktoru Riçard Ovenden arasında keçirilən görüşün əsas məqsədi Nərgiz xanım Paşayeva tərəfindən irəli sürülmüş Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun kitabxanasına Nizami Gəncəvinin adının verilməsi təklifinin müzakirəsi olub. Bu təklif Bodleyn Kitabxanasının rəhbərliyi tərəfindən müsbət qarşılanıb və onun həyata keçiriləcəyinə razılıq verilib. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin adının Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun kitabxanasına verilməsi böyük tarixi hadisədir. Bir həqiqət var ki, tarixin yaradıcısı şəxsiyyətlərdir. Bu mənada akademik Nərgiz Paşayevanın gərgin fəaliyyətini şahidliyimizlə yaranan tarix hesab etmək olar.

“Zəhmətin barını görmək xoşbəxtlikdir” deyib atalar. Əlbəttə, bu qədər əhatəli sferada göstərilən fəaliyyətin qiymətləndirilməsi təbiidir. Azərbaycan elminin, tarixinin, mədəniyyətinin dünyada tanınmasına rəvac verən, akademik Nərgiz Paşayevanın gərgin zəhməti ilə ərsəyə gələn, reallaşan bu tarixi hadisələrin, gələcəyə hesablanan uğurlu layihələrin gerçəkləşdirilməsi qloballaşan dünyada yurdumuzun yerini müəyyən etməyə imkan yaradacaq. İki il öncə akademik Nərgiz Paşayevanın əməyinin dəyərləndirilməsi istiqamətində çox mühüm bir addım atıldı ki, bununla hər bir azərbaycanlı fəxr etməli, qürur hissi keçirməlidir. Bəli, Oksford Universitetinin Nizami Gəncəvi adına Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri, Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun Qəyyumlar Şurasının sədri, Azərbaycan elminin görkəmli nümayəndəsi, akademik Nərgiz Paşayeva Oksford Universitetinin Kansleri Lord Patten Barnesin rəhbərlik etdiyi Xeyriyyəçilər Komitəsinin daimi üzvlüyünə təntənəli surətdə qəbul edilib. 2018-ci ilin oktyabr ayının 11-də Oksford Universitetinin Kansleri Lord Patten Barnesin dəvət məktubu ilə görkəmli alimimiz Kanslerin Xeyriyyəçilər Komitəsinin 28-ci illik xüsusi mərasimində həmin şərəfli titulu qəbul etmək üçün iştirak edib.

Oksford Universitetində həm də dəyər verilən tərəfdaşları daimi olaraq tanıtdırmaq ənənəsi mövcuddur. Bu tarixi ənənəyə əsasən, XIV əsrdən başlayaraq universitetin birinci dərəcəli binası, onun qəlbi sayılan tarixi əhəmiyyətli məşhur Bodleyn Kitabxanasının girişində yerləşən Klarendon Arkasında universitetin ən alicənab xeyriyyəçilərinin və dünyada tanınmış insanların adları həkk edilir. Bu ərəfədə daha bir xoş hadisə baş verdi: Oksford Universiteti tarixinə yazılan bir qərarın seremonial icrası da baş tutdu və Oksford Universiteti rəhbərliyinin, eləcə də Elmi Şurasının qərarı ilə akademik Nərgiz Paşayevanın rəhbəri olduğu Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun adı Kanslerin Xeyriyyəçilər Komitəsinin daimi üzvü kimi dünyaşöhrətli alimlər, ictimai xadimlər və nüfuzlu təşkilatlarla yanaşı, XVII əsrə aid Klarendon binasının Arkasında Xatirə Lövhəsinə həkk olundu. Bu tarixi hadisənin baş verdiyi dövrün müasiri olduğumuzla həqiqətən də qürur duymağa haqqımız var. Oksford və dünya tarixində ən tanınmış 230 nəfər görkəmli alim, ictimai xadim və nüfuzlu təşkilatların adları ilə yanaşı, 2018-ci il oktyabrın 11-dən etibarən Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun adı da Oksford Universitetinin Klarendon Arkasına əbədi həkk olunub. Doğrudan da, yurdumuzun tarixinin, mədəniyyətinin öyrənilməsinə maraq oyatmaq, araşdırmaları təşkil etmək, uğur qazanmaq və həmin uğurları Azərbaycanın təbliğinə və Azərbaycan həqiqətlərinin təsdiqinə yönəltmək, yalnız fədakar əməyin sayəsində reallaşa bilərdi ki, bunu da görkəmli alim Nərgiz Paşayeva öz üzərinə götürdü.

Qürurverici haldır ki, bu gün Oksford Universitetində xüsusi xidmətləri olan şəxslər arasında ilk dəfə azərbaycanlı alim, akademik Nərgiz Paşayeva Oksford Universitetinin Kanslerinin Xeyriyyəçilər Komitəsində rəsmən daimi təmsil olunur. Bəli, həmyerlimiz akademik Nərgiz Paşayeva dünyanın ən məşhur Oksford Universitetinin tarixində xüsusi xidmətləri olan alimlərdən, ictimai xadimlərdən və nüfuzlu təşkilatlardan ibarət Kanslerin Xeyriyyəçilər Komitəsinə üzvlüyə qəbul edilən ilk azərbaycanlıdır. Universitet tarixində xüsusi xidmətləri olan alimlərə verilən bu şərəf akademik Nərgiz Paşayevanın əməyinə və onun təşəbbüsü ilə Oksford Universitetində yaradılmış Nizami Gəncəvi Elmi Mərkəzinin fəaliyyətinə verilən yüksək qiymətdir. Protokola və ənənəyə uyğun olaraq Kanslerin Xeyriyyəçilər Komitəsinin üzvlüyünə qəbul edilən şəxslər Komitənin digər üzvlərindən qızılı sapla bəzədilmiş xüsusi geyimi ilə seçilirlər. Ənənəyə uyğun olaraq İlahiyyat fakültəsinin binasında keçirilən xüsusi mərasimdə, artıq qürurla deyə biləcəyimiz dünyaşöhrətli alim və ziyalı, akademik Nərgiz Paşayevaya Oksford Universitetinin tarixində xidmətləri olan elm adamı kimi mantiya və qızılı ipli baş geyim dəsti təqdim edilib.

Qəribədir ki, təqdimetmə mərasimi haqqında verilən yazıları mətbuatdan oxuyanda bir azərbaycanlı olaraq qürur hissi keçirməklə yanaşı, dünyanın nüfuzlu elm adamlarının çıxışlarından sitatlarla tanış olduqca həyəcan hissi də yaşamalı olursan. Oksford Universitetinin Kansleri Lord Patten Barnes böyük toplantıda akademik Nərgiz Paşayevaya xitabən bəyan edir: “Siz indi mənə universitetin mötəbər dostu və tərəfdaşı kimi təqdim edildiniz. Sizi Fəxri üzv kimi Xeyriyyəçilər Komitəmə qəbul edirəm və Sizin bu alicənablığınızı sevinclə qəbul edərək Klarendon Arkasının altındakı tabloda adınızın yazılmasını bəyan edirik”.

Böyük Britaniyanın görkəmli elm, mədəniyyət və ictimaiyyət xadimlərinin iştirakı ilə Oksford tarixində ən tanınmış adlarla yanaşı Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun adının da Oksford Universitetinin Klarendon Arkasına yazılması və ilk dəfə azərbaycanlı akademik Nərgiz xanım Paşayevanın Oksford Universitetinin Kanslerinin Xeyriyyəçilər Komitəsinin üzvlüyünə qəbul edilməsi Azərbaycan tarixinə şərəflə yazılan bir xoş hadisə, yaddaşlarda əbədiləşəcək tarixdir. Bu böyük hadisə Azərbaycanın dünəni, bu günü və sabahı üçün əhəmiyyətli olduğu qədər də vacibdir. Vacibdir ona görə ki, qəsdimizə dayanan mənfur qonşumuzun böhtanlarından birdəfəlik xilas olmalı, bizi ikili standartlarla görən dünyanın gözündən asılan şübhə pərdəsini götürüb onu tariximizi, qədim mədəniyyətimizi olduğu kimi görməyə vadar etməliyik. Bu mənada akademik Nərgiz Paşayevanın, sözün əsl mənasında, fədakar əməyi sayəsində ən zəruri olan işlər reallaşdırılıb, imkanlar yaradılıb. İndi qalır açılan, artıq hamar yolun yolçularını müəyyən edib elmi zirvələrin fəthi üçün yola salmaq. Akademik Nərgiz Paşayevanın Oksford Universitetindəki bu uğurlu və yorulmaz fəaliyyəti dünya elmi ictimaiyyəti tərəfindən həmişə yüksək qiymətləndirilir, eləcə də həmin ali təhsil ocağının təşkil etdiyi ən nüfuzlu mərasimlərdə, təntənəli qəbullarda layiqincə dəyərləndirilir. 2019-cu il mart ayının 19-da Oksford Universitetinin Bodli Kitabxanasının yaradıcısı Ser Tomas Bodlinin şərəfinə universitetin ali akademik heyəti və fəxri qonaqları, məşhur alimlər, ictimai xadimlər, Böyük Britaniya Parlamentinin üzvləri, Oksford Universitetinin əsas akademik tərəfdaşları üçün təşkil edilən 31-ci ənənəvi təntənəli tədbirdə Bodli Kitabxanasının rəhbəri Riçard Ovendenin dəvəti ilə akademik Nərgiz Paşayevanın da iştirakı akademikimizin fəth etdiyi zirvənin əzəmətinin göstəricisidir. Dünya elminin bu ali mərtəbəsində Azərbaycan elminin nümayəndəsinin təmsil olunması müasir elm tariximizin ən yüksək nüfuz göstəricisidir. Bir sıra diskussiyaların və fikir mübadilələrinin aparıldığı, 80 nəfərə yaxın nüfuzlu qonağın qatıldığı təntənəli qəbulun rəsmi hissəsində Bodli Kitabxanasının rəhbəri R.Ovendenin çıxışında Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin, eləcə də onun rəhbəri akademik Nərgiz Paşayevanın fəaliyyətinin xüsusi olaraq ehtiramla qeyd edilməsi həmin Mərkəzin qısa zaman çərçivəsində elmi-akademik, təhsil-maarifçilik və tarix-arxeologiya sahələrində gərgin işinin uğurlu nəticələrinin təsdiqidir.

Qeyd edildiyi kimi, hələ 2018-ci il mayın 23-dən Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi Oksford Universitetində daimi əsasda, onun ayrılmaz tərkib hissəsi kimi fəaliyyətə başlayıb. Əslində bu, mədəni, elmi və humanitar sahədə əhəmiyyətli miqyasa malik tarixi hadisədir. Mübaliğəsiz demək olar ki, bu hadisə Azərbaycanda elm, mədəniyyət və təhsil sahəsində “Əsrin kontraktı”dır! Elmi Mərkəzin yaradıldığı gündən həyata keçirdiyi bir sıra mühüm elmi-akademik layihələr əhəmiyyətli olduqları qədər də vacib olub. Buna görədir ki, Oksford Universitetinin ayrılmaz tərkib hissəsi olan Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin fəaliyyəti daim dünyanın aparıcı akademik və ictimai xadimlərinin diqqət mərkəzindədir.

Bir vaxtlar böyük Azərbaycan şairi Məhəmməd Hadi deyirdi ki, “Yoxdur millətimin imzası imzalar içində…”. Şükürlər olsun ki, bu gün həmin imzanı tarixin səhifələrinə həkk edən alimlərimiz var. Akademik Nərgiz Paşayevanın fəaliyyəti sayəsində Azərbaycan elminin dünyanın ən nüfuzlu elmi tədbirlərində təmsil edilməsi, eləcə də baş verən tarixi hadisə - Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun adının Oksford Universitetinin Klarendon Arkasına yazılması elə Azərbaycanın mübarək imzasıdır. Gələcək nəsillərə yol göstərən, fəxarət mənbəyi olan bu hadisələr hər bir azərbaycanlının qəlbində əbədi bir iftixara çevrilməlidir. Fəaliyyətindən qürur duyduğumuz görkəmli alim Nərgiz xanım Paşayevanı doğum günü münasibətilə təbrik edir və ona daha böyük uğurlar arzu edirik.


AZƏRTAC


Facebook-da paylaş

Xəbəri paylaş