Faydalı saytlar


Reklam



Azərbaycan Prezidenti dağıdılmış Zəngilan məscidinin önündə beynəlxalq təşkilatlara çağırış edib

Azərbaycan Prezidenti dağıdılmış Zəngilan məscidinin önündə beynəlxalq təşkilatlara çağırış edib

Bizim bütün dini abidələrimiz düşmən tərəfindən dağıdılıb. Dünya 30 il ərzində buna səssiz qalıb. Biz bu məsələni dəfələrlə qaldırmışdıq, beynəlxalq kürsülərdən qaldırmışdıq. Biz o videoları dəfələrlə göstərirdik. Ağdam məscidini, Şuşa məscidlərini, o vaxt işğal altında olan digər məscidlərin vəziyyətini göstərərək deyirdik ki, mənfur düşmən bizim dini abidələrimizi dağıdıb, təhqir edib.
BrendSport.az xəbər verir ki, bu barədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev dağıdılmış Zəngilan məscidinin qarşısında çıxış edərkən bildirib.
Dövlətimizin başçısı deyib ki, düşmən bizim dinimizi təhqir edib, bütün müsəlmanları təhqir edib. Bax, burada məscid olub, indi yoxdur, dağıdıblar. İndi bəziləri azad edilmiş torpaqlarda erməni xalqının dini irsi haqqında məsələ qaldırırlar. Bəs, bizim milli-dini irsimiz haqqında niyə heç kim məsələ qaldırmayıb?
“Bu yaxınlarda UNESCO-nun bir məmuru əsassız bir ifadə işlədib ki, guya bizə müraciət olunub, Azərbaycan isə səssiz qalıb. Biz 30 il ərzində dəfələrlə UNESCO-ya müraciət etmişik, dəfələrlə bildirmişik ki, bizim məscidlərimiz dağıdılıb, tarixi abidələrimiz dağıdılıb, bizim tarixi abidələrimiz erməniləşdirilir, bir dəfə missiya göndərildimi? Bir dəfə bizim müraciətimizə cavab verildimi? Elə müharibə qurtaran kimi başlayıblar ki, erməni xalqının abidələri gərək qorunsun. Biz bütün abidələri qoruyuruq, bütün xalqların abidələrini qoruyuruq və dünya bunu bilir ”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
Dağıdılmış məscidin önündə UNESCO-ya, Avropa Şurasına bir daha çağırış edən dövlətimizin başçısı deyib: “Yaxşı, məscidi dağıtmaq olar? Məscidi dağıtmaq, deməli, cinayət deyil? Bu ədalətsizlik nə qədər davam edəcək? Bu riyakarlıq nə qədər davam edəcək? Bu ikili standartlar nə qədər davam edəcək? Bu islamofobiya nə qədər davam edəcək? Bunu dağıdan erməni olub. Özündən mədəni millət obrazı yaratmağa çalışan və bəzi xarici himayədarları tərəfindən belə qəbul edilən mədəni adam bunu edər?”.


Facebook-da paylaş