Azad Rəhimov: FIG-in 82-ci Konqresinin Bakıda keçirilməsi Azərbaycana olan böyük etimadın göstəricisidir
Beynəlxalq Gimnastika Federasiyasının (FIG) 82-ci Konqresinin Bakıda keçirilməsi Azərbaycana olan böyük etimadın göstəricisidir.
BrendSport.az xəbər verir ki, bu sözləri dekabrın 2-də jurnalistlərə müsahibəsində Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.
Nazir bildirib ki, gimnastika üçün çox vacib olan bu tədbirin Bakıda keçirilməsi sevindirici haldır. Gördüyünüz kimi, bütün işlər yüksək səviyyədə təşkil olunub. Bütün tələb olunan məsələləri Azərbaycan Gimnastika Federasiyası müvəffəqiyyətlə həll edib və Konqres çox yüksək səviyyədə keçirilir. Mötəbər tədbirin Bakıda təşkil olunması təsadüfi deyil. Ona görə ki, son illər gimnastika ilə bağlı Azərbaycanda böyük nailiyyətlər əldə olunub, müasir infrastruktur yaradılıb, dünyanın vacib yarışları məhz ölkəmizdə keçirilir.
“Gimnastika idman növünə Azərbaycanda böyük maraq var. Böyük idman yarışlarından sonra valideynlər uşaqlarını idmana gətirib yazdırırlar. Bu da idmanın kütləviliyinə və inkişafına böyük töhfə verir”, - deyə A.Rəhimov vurğulayıb.
Qeyd edək ki, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) 82-ci Konqresinə dekabrın 3-də yekun vurulacaq. FIG-in Nizamnaməsinə əsasən, ən yüksək ali orqan sayılan konqresdə 115-dən çox ölkədən 300-ə yaxın nümayəndə iştirak edir.
Facebook-da paylaş