Səni kim zəhərlədi, Messi?
Ölmədik, bu günü də gördük. Futbol üzrə Dünya Çempionatı düz qapımızın ağzınacan gəldi. Çempionatın canlı yayımlanan oyunlarına baxdıqca bəzən mənə elə gəlir ki, Qusar tərəfdən sərhəd məntəqəsini adlayan kimi dünya futbol ulduzları ilə rastlaşa biləcəyəm. Messi, Ronaldo, Modriç, Qrizman, Marselo, İnyesta, Ramos, Məsut Özil, Məhəmməd Salah, Koutinyo, Qomes... kimi nəhənglərlə görüşüb selfi çəkdirmək, kolbasa çörək yemək, qara tum çırtlamaq, lətifə danışmaq olacaq.
Ömründə bircə dəfə futbola düz-əməlli baxmayıb şərh verən, palaz-palaz yazılar uyduran bəzi həmkarlarımın məqalələrindən öyrənmişəm ki, Messi maraqlı həmsöhbətdir. Dünyanı heyran qoyan bu argentinalı balası ilə problemsiz ünsiyyət qurmaq olur, ulduz futbolçu özünü çox sadə aparır. Öz aramızdı, sadə aparmayıb nə edəcək ki? Minnəti olsun Messinin, görüşəndə döyməyəcəkdim-söyməyəcəkdim... Keyfini-əhvalını soruşacaqdım, Elza Seyidcahanın poetik düşüncələri barədə danışacaqdım, Əli Mirəliyevin, Zay Zaurun aparıcılıq qabiliyyətindən bir-iki kəlmə deyəcəkdim, ürəyimi boşaldacaqdım.
Amma və lakin alınmadı. Nə sərhədi o yana addayıb qonşu Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatına gedəsi oldum, nə də Messi, Ronaldo, Qrizman, Salah kimi ulduz oyunçularla tum çırtlaya bildim. Ustad jurnalist Azər Həsrətin "Hakimiyyəti dəyişə bilmirsənsə özünü dəyiş" dördcildliyinin ikinci cildinin 765-ci səhifəsində necə yazılmışdı-Sən saydığını say, gör FİFA nə sayır...
Çoxlarının çempion kimi görmək istədiyi Argentina çəpərimizin o tərəfində keçirilən Dünya Çempionatında biabır oldu. Əri döyən arvadı it də qapdı bir yandan. Əfsanəvi Maradonanın həmyerliləri İslandiya millisi ilə oyunda xal itirdi, sonra da Xorvatiya Argentinanın daşını daş üstə qoymadı. Müğənni olduğu deyilən Afaq Aslanın soyunmağı heç belə müsibət olmamışdı...
Messinin Rusiyada içdiyi "Yesentuki" suyu futbol akademiki üçün zəhərə döndü. Zəhər demişkən, argentinalı ulduz barədə yeni iddia ortaya atılıb. Adının çəkilməsini istəməyən şərurlu Cəfərin yaydığı xəbərə görə, Messi zəhərlənib. Daha doğrusu, Rusiyaya gələnə qədər meydançalarda sözün əsl mənasında möcüzələr yaradan futbolçunu zəhərləyiblər.
Bilirəm, çoxları yayılan bu söz-söhbətə inanmayacaq, deyəcək ki, Messi Yevlaxda, İmişlidə, Tərtərdə pambıq yığır ki, zəhərlənsin? Ona qalsa, elə mən də bilirəm ki, Messi ömründə bircə saat Yevlaxda pambıq yığmayıb, yuxusunda belə İmişlidəki pambıq sahəsinin yanından ötməyib. Amma və lakin adının çəkilməsini istəməyən şərurlu Cəfər and-aman edir ki, Messini zəhərləyiblər. Özü də bizim pambıqçıların yolunu xəstəxanalıq edən dərmanla. Deyir, Messi ola, rəqib qapılarına tərəf düz-əməlli zərbə də vura bilməyə? Deməli, argentinalı ulduz futbolçunu yevlaxlı pambıqçı kimi kimlərsə zəhərləyiblər. Bu iddianı araşdırmaq mənim işim deyil. Rusiyada bu işə görə kim maaş alırsa, gecəsini gündüzünə qatıb araşdırsın. İndi qarışıq zəmanədir. Heç kim pulsuz-parasız çalışmaq istəmir.
Ustad jurnalist Azər Həsrət "Qıratım altımda, qrantım cibimdə" beşcildliyinin üçüncü cildinin 876-cı səhfəsində yazır-Dünyada təsadüfi heç nə olmur! Mən Əməkdarın bu fikri ilə tam razıyam. Bütün planetin başını qatan Rusiyadakı Dünya Çempionatı ilə bizim bəzi rayonlarda pambıqçıların kütləvi zəhərlənməsinin bir bağlılığı var yəqin. Bizdə bir çox klubların başını pambıqla kəsməyiblər? İndi bəzi həmkarlarım AFFA-nı, PFL-i yeri gəldi-gəlmədi tənqid etməyi özünə həyat tərzi seçib.
Guya AFFA regionlarda futbolu qəsdən məhv edir, guya PFL rayon klublarına mane olur, daha nə bilim nə... AFFA lap düz edir, PFL-in əlinin içindən gəlir. Futbolumuzun cavabdeh şəxsləri Yevlaxda, İmişlidə, Tərtərdə dünən bu işə şərait yaratsaydılar bu gün həmin rayonlarda stadionlara çıxan hər bir gənc futbolçu zəhərlənəcəkdi, lap Messiyə oxşayacaqdı.
Futbolçularımızın Messiyə oxşamasını kim istəyir?
Etibar Cəbrayıloğlu,
Adalet.az
Facebook-da paylaş