“Azərbaycan Respublikası İdman Rəqsləri Federasiyası” İB-nin adı dəyişdirilib

Martın 18-də “Azərbaycan Respublikası İdman Rəqsləri Federasiyası” İctimai Birliyinin (İB) ümumi yığıncağı keçirilib.
BrendSport.az xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Gənclər və idman naziri Fərid Qayıbov iştirakçılara uğurlar arzulayıb.
Yığıncaqda federasiyanın qanuni təmsilçisi Etibar Məmmədov qurumun fəaliyyəti barədə hesabatla çıxış edib. Sonra İctimai Birliyin adının dəyişdirilməsi və Nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi məsələləri müzakirəyə çıxarılıb və səsvermə ilə qəbul olunub. İctimai Birlik bundan sonra “Azərbaycan İdman Rəqsləri Federasiyası” adlandırılacaq.
Sonra federasiyanın rəhbərliyinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, Əli Həşimli federasiyanın yeni prezidenti seçilib. Etibar Məmmədov və Eşqin İsmailli vitse-prezidentlər, Tatyana Çernova və Elen Vladimirovna isə İdarə Heyətinin üzvləri seçiliblər. Eləcə də, Xanoğlan Meydanov Nəzarət-Təftiş Komissiyasına sədr, Səbinə Hüseynova və Lamiyə Quliyeva isə üzv seçiliblər.

Facebook-da paylaş





















