Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Nazirdən əhaliyə çağırış: Bütün yaş təbəqələrindən olan insanları idmana dəvət edirik



“Biz xalqımızı təkcə bu gün deyil, ilboyu keçirdiyimiz müxtəlif yarışlar və tədbirlərlə idmana səsləmişik. Azərbaycanda son illər irimiqyaslı turnirlərin təşkili də bunun sübutudur”.

BrendSport.az
xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar danışarkən deyib. Nazir bildirib ki, tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarına Bakının ev sahibliyi etməsi Azərbaycan idmanı üçün ən mühüm hadisələrdən biri hesab olunur: “2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının da məhz paytaxtımızda keçirilməsi və idmançılarımızın orada əldə etdiyi nailiyyətlər dövlətimizin idmana diqqət və qayğısının nəticəsidir. Bu cür mötəbər yarışların təşkili üçün ölkəmizdə beynəlxalq standartlara cavab verən idman qurğuları inşa olunub. Nəinki Bakıda, müxtəlif regionlarda idman kompleksləri tikilərək istifadəyə verilib. Gənclərə idmanla məşğul olmaq üçün dövlət tərəfindən hər cür şərait yaradılıb. Hələ də tikilməkdə olan və tikilməsi planlaşdırılan idman obyektləri var. Nazirlik və digər qurumlar, federasiyalar hər il xeyli sayda beynəlxalq idman tədbirləri keçirirlər. Beləliklə, biz bütün yaş təbəqələrindən olan insanları idmana dəvət edirik”.

Fərid Qayıbov idmanın insan həyatı üçün əhəmiyyətindən də bəhs edib: “5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə idman həftəsi təşkil etdik. Bir həftə ərzində bir çox idman tədbirləri keçirildi. Müxtəlif dövlət qurumlarının əməkdaşları, həvəskarlar, müxtəlif yaş kateqoriyasında olan idmansevərlər bacarıqlarını nümayiş etdirdilər. Bu sayədə cəmiyyətimizə göstəririk ki, idmanla məşğul olmaq üçün yaş önəmli faktor deyil”.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən hər il martın 5-i Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir.


Facebook-da paylaş

Xəbəri paylaş