“AGF Trophy” turnirində gənclər arasında fərdi proqramda yarışlara yekun vurulub
Bakıda bədii gimnastika üzrə üçüncü “AGF Trophy” beynəlxalq turnirində gənclər arasında ayrı-ayrı alətlər üzrə fərdi proqramda yarışlara yekun vurulub.
BrendSport.az xəbər verir ki, gürzlərlə final mərhələsində uğurla çıxış edən polşalı Liliana Levinska qızıl medal qazanıb. Onun çıxışı hakimlər tərəfindən 30,350 xalla qiymətləndirilib. İlk üçlükdə Kipr idmançısı Vera Tuqolukova (29,550 xal) və bolqarıstanlı Dara Malinova (29,500 xal) yer alıblar. Gimnastımız Nəzrin Abdullayeva yarışları 25,900 xalla səkkizinci pillədə başa vurub.
Özbəkistanlı Sofiya Usova lentlə final mərhələsində bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, proqramın icrasına görə hakimlərdən 29,200 xal alıb. L.Levinska 29,100 xalla ikinci, Moldova idmançısı Daria Sliusarenko 29 xalla üçüncü pillədə qərarlaşıblar. Azərbaycan təmsilçisi Nuray Əhmədzadə 27,350 xalla altıncı olub.
Turnirə 14 ölkədən 119 gimnast qatılıb. “AGF Trophy” böyük gimnastlar arasında aprelin 21-23-də Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya kuboku yarışlarına sınaq xarakteri daşıyır.
Facebook-da paylaş