“Plastik adam” adlı aksiya keçirilib
BrendSport.az saytının Gənclər şöbəsi xəbər verir ki, 14 iyul 2021-ci il tarixində Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Səfirlərin təşkilatçılığı ilə Dövlət Bayrağı Meydanında “Plastik Adam” adlı sosial aksiya keçirilib. Tədbir Gənclər və İdman Nazirliyi və Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyinin birgə həyata keçirdiyi “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakının dəstəklənməsi üçün yeni platformalar yaradılması” layihəsi çərçivəsində reallaşıb.
Əsas məqsədi plastik çirklənmənin qarşısının alınmasına daha çox insanın cəlb edilməsi olan aksiya eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2019-cu il fevralın 7-də imzalanan “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019–2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncama əsasən, plastik qablaşdırma tullantılarının səmərəli idarə olunması, yaranma tempinin azaldılması, o cümlədən alternativ qablaşdırma materiallarından istifadənin əhəmiyyəti barədə maarifləndirmə və təbliğatın gücləndirilməsinə xidmət edir.
Həyata keçirilən sosial aksiyanın məqsədi qlobal kampaniyanın bir hissəsi olmaqla yanaşı ölkəmizdə plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin minimuma endirilməsi baxımından aparılan səmərəli işlərə dəstək olmaqdır. Kütləvi informasiya vasitələrində və ictimai yerlərdə maarifləndirici təbliğatın aparılmasını hədəfləyən “Plastik adam” sosial aksiyası gəncləri plastikin zərərləri ilə mübarizədə daha aktiv rol almağa dəvət edir.
“Plastik adam” sosial aksiyası həmçinin, DİM üzrə Gənc Səfirlər tərəfindən hazırlanan və qısa müddətdə ictimaiyyətə təqdim olunacaq sosial tədqiqatın bir hissəsini təşkil edir. Tədqiqatın məqsədi ölkə vətəndaşlarının, xüsusən də gənclərin plastikin zərərləri və alternativ istifadələri barədə məlumatlılığını müəyyən etmək olacaq.
Pantomima teatrı ilə davam edən sosial aksiya gənclər tərəfindən böyük rəğbətlə qarşılanıb.
Facebook-da paylaş