Milli Azərbaycan Tarixi Muzeyinin Gənc Alimlər və Mütəxəssislər Şurasının iclası olub
Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində Gənc Alim və Mütəxəssislər Şurasının 5 illik fəaliyyətinə həsr olunmuş iclas keçirilib.
Muzeydən BrendSport.az -a bildiriblər ki, iclasda bu qurumun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, tarix üzrə fəlsəfə doktoru Bəhman Kərimovun Şuranın ötən dövr ərzində fəaliyyətini əks etdirən hesabat məruzəsi dinlənilib.
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı çıxış edərək müasir dünyada elmin mühüm rolundan danışıb. Qeyd edib ki, 2020-ci ildə muzeyin 100 illiyinə hazırlıq məqsədilə gənclər elmə və muzey işinə daha fəal cəlb olunmalıdırlar. Muzeyin elmi katibi, dosent Fərhad Cabbarov və digər alimlər Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyəti ilə bağlı fikirlərini bildirib, uğurlar arzulayıblar.
Sonra səsvermə yolu ilə muzeyin etnoqrafiya fondunun müdiri Sevinc Nəsirova Şuranın yeni sədri seçilib.
Facebook-da paylaş