Bu gün Bişkekdə Delfi Oyunlarının rəsmi açılış mərasimi keçiriləcək
Qırğızıstanın paytaxtı Bişkekdə gənclər arasında Müstəqil Dövlətlər Birliyinin XVII Delfi Oyunları davam edir.
BrendSport.az xəbər verir ki, Qırğızıstanın ilk dəfə ev sahibliyi etdiyi yarışda Azərbaycanın bir sıra mədəniyyət və incəsənət təhsil müəssisələri də təmsil olunurlar.
Oyunların ilk günündə təsviri sənət və xalq rəqsləri nominasiyaları üzrə müsabiqələr keçirilir.
Yarışın rəsmi açılış mərasimi bu gün baş tutacaq. Qırğızıstan Milli Filarmoniyasında keçiriləcək tədbir Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Qeyd edək ki, MDB iştirakçısı olan dövlətlər arasında keçirilən Delfi Oyunları milli mədəniyyətin qorunub saxlanılması və inkişafına kömək edilməsi, mədəniyyətlərarası dialoqun təşviqi, ölkələr arasında əlaqələrin möhkəmləndirilməsi, MDB ölkələrinin gənclərinin, yaradıcı ziyalıların və tədris müəssisələrinin əməkdaşlığı məqsədilə təşkil olunur.
Müsabiqədə 600-ə yaxın oğlan və qız 10 nominasiya - fortepiano, skripka, akademik oxuma, solo xalq ifaçılığı, estrada ifaçılığı, xalq rəqsi, nəfəs alətlərində ifaçılıq, təsviri sənət, bədii sənətkarlıq və milli alətlər üzrə məharətini nümayiş etdirəcək. Yarışın nəticələrinə görə qaliblərə xüsusi nominasiyalar veriləcək.
MDB ölkələrinin Delfi oyunları 2002-ci ildən keçirilir.
Facebook-da paylaş