“New In Chess Classic”: Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov dörddəbir finala doğru
Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının “New In Chess Classic” turnirinin qrup mərhələsində son 5 turun oyunları keçiriləcək.
BrendSport.az xəbər verir ki, şahmatçılarımız Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovla yanaşı, yarışda Maqnus Karlsen, amerikalı şahmatçılar Uesli So, Leyner Dominqes, rusiyalı Sergey Karyakin, ermənistanlı Levon Aronyan, FIDE-ni təmsil edən Alireza Firuzca, Norveç təmsilçiləri Aryan Tari və Yoxan-Sebastyan Kristyensen, polşalı Yan-Kşıştof Duda, Vyetnam təmsilçisi Le Quanq Lyem və hindistanlılar Vidjit Santos və Rameşbabu Praqnanandha mübarizə aparırlar.
Qrup mərhələsinin son oyunları Bakı vaxtı ilə saat 21:00-da başlaycaq. Günün ilk matçında Azərbaycan derbisi oynanılacaq. Belə ki, 11-ci turda Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov üz-üzə gələcəklər. Sonrakı turlarda Ş.Məmmədyarov A.Tari, L.Aronyan, Y.Kristyensen və nəhayət, son turda M.Karlsenlə qarşılaşacaq. T.Rəcəbov isə növbəti 4 turda S.Karyakin, L.Lyem, L.Dominges, V.Santos ilə mübarizə aparacaq.
On turdan sonra aktivlərində 6 xalları olan Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov yarış cədvəlinin 4-6-cı pillələrini bölüşürlər. Bütün rəqiblərini üstələyən M.Karlsen isə 7 xalla liderliyi ələ keçirib.
Qeyd edək ki, 16 şahmatçının mübarizəyə qatıldığı və mayın 2-dək davam edəcək turnirdə qrup mərhələsinin oyunlarından sonra ilk səkkiz yeri tutmuş şahmatçı dörddəbir final mərhələsinə vəsiqə qazanacaq.
“Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarət olacaq və 2021-ci ilin sentyabr ayınadək davam edəcək.
Facebook-da paylaş