FIFA və Qətər 2022-ci il dünya çempionatının təşkili üzrə birgə müəssisə yaradırlar
Beynəlxalq Futbol Federasiyası (FIFA) və Qətər iştirakçılar və azarkeşlər üçün rahat şəraitin yaradılmasına kömək məqsədilə 2022-ci il dünya çempionatının təşkili üzrə birgə müəssisə yaradıldığını elan ediblər.
BrendSport.az TASS agentliyinə istinadla xəbər verir ki, birgə müəssisə “FIFA World Cup Qatar 2022 LLC” adlanacaq. Fevralın 5-də Dohada müəssisənin doqquz nəfərdən ibarət idarə heyətinin ilk iclası keçirilib. Bu müəssisə ərəb dünyasında futbol üzrə ilk dünya çempionatının yüksək səviyyədə təşkilinə cavabdeh olacaq, onun əsas fəaliyyəti isə turnirin keçirilməsinə yönəldiləcək. Təşkilat komitəsi, öz növbəsində, infrastrukturun inkişafının idarə edilməsi ilə məşğul olacaq və müxtəlif proqramlar üzrə fəaliyyət göstərəcək.
Dünya çempionatının təşkilat komitəsinin rəhbəri və yeni müəssisənin idarə heyətinin sədri vəzifələrini icra edən Hassan Əl-Tavvadi bununla əlaqədar FIFA mətbuat xidmətinə deyib: “FIFA ilə birgə müəssisənin yaradılması Qətərdə keçiriləcək dünya çempionatı layihəsi çərçivəsində strateji əhəmiyyətli məqamda baş verir. Belə ki, biz müxtəlif infrastruktur layihələrimizi başa çatdırırıq. Onların arasında stadionların və məşq meydançalarının istifadəyə verilməsi də var. Qarşımızda duran növbəti vəzifə Qətərdə dünya çempionatının ən yüksək şəraitdə keçirilməsinə kömək edəcək bu cür turnirlərin təşkil olunması təcrübəsinin öyrənilməsidir”.
2022-ci ilin dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək Qətərin yeddi şəhərində - Doha, Lusail, Əl-Bakr, Əl-Xor, Əl-Rayan, Ümm-Salal və Mədinət-əş-Şamalda keçiriləcək.
Facebook-da paylaş