“Real Madrid” - “Bavariya” oyununun pərdəarxası məqamları
Çempionlar Liqasında ilk finalçının adına aydınlıq gəlib. Doğma meydanda “Bavariya” ilə 2:2-lik heç-heçəyə razı olan “Real” iki oyunun ümumi nəticəsinə görə (1:2, 2:2) mərhələ adlayıb. Oyundan sonra hər iki komandanın məşqçiləri və futbolçuları fikirlərini səsləndiriblər:
Yupp Haynkes: “Komandam kimi, mən də finala çıxa bilmədiyimizə görə məyusam. Biz finala layiq idik. İki matçın tamamını nəzərə alsaq, “Bavariya” daha yaxşı olan tərəf idi. “Real”ı keçməyə yaxın idik. Bu gün hər iki komanda yaxşı oynadı. Dünya səviyyəsində futbol izlədik. Oyun bizim üstünlüyümüz altında keçdi. “Real” qapıdakı gözəl oyuna görə Keylor Navasa minnətdar olmalıdı. Xüsusilə də oyunun sonlarında əla çıxış etdi. Bu gün “Real”ın ən yaxşısı Navas idi.
Təbii ki, böyük bir səhv hamımızı məhv etdi. İlk növbədə, geriyə ötürmə olmamalı idi. Levandovski? Mənə elə gəlir ki, kimsə bir mövzu ortaya atanda jurnalistlər də qoşulur. Ancaq mənə görə, situasiya bir az fərqlidi.
Penaltiyə gəlincə, videotəkrarı izlədim və qayda pozuntusu olduğunu gördüm. Ancaq buna görə ağlayası halım yoxdu. “Real” qarşısında çoxlu qol epizodlarını dəyərləndirmədik. Bu səbəbdən də, hakimlikdən şikayətlənməyə ehtiyac yoxdu.
2013-cü ildə Çempionlar Liqasında “Borussiya” ilə oyunun mənim üçün turnirdə sonuncu olacağını düşünürdüm. Geri qayıdacağıma inanmazdım. Bu gün əminliklə deyə bilərəm ki, bu, mənim Çempionlar Liqasındakı sonuncu matçımdı. Bir də məşqçiliklə məşğul olmayacam”.
Zinədin Zidan: “Azarkeşlər adına möhtəşəm matç idi. Gözəl oyuna görə “Bavariya”nı təbrik etmək lazımdı. Matça pis başladıq, ilk dəqiqələrdə qol buraxdıq. İkinci hissədə isə daha yaxşı idik. Futbolda bəzən əziyyət çəkmək lazım gəlir – xüsusilə də, söhbət Çempionlar Liqasının yarımfinalından gedirsə. Bunsuz finala çıxmaq mümkünsüzdü.
Benzemadan razıyam. Həmişə fərqlənmək istəyir. Bu gün isə buna iki dəfə nail oldu. Kərimin qolları sayəsində “Real” finala çıxdı. O, həmişə böyük əzmlə çalışır. Komandada hamı onun adına məmnundu. Keylor Navasın oyunun da qeyd etmək lazımdı. Belə bir çətin oyunda çoxlu qurtarışlar etdi və rəqib asmalarının qarşısını aldı. O, bir neçə dəfə bizi xilas etdi.
Sadəcə, finaldayıq, hələlik heç nə qazanmamışıq. Üç mövsüm ardıcıl Çempionlar Liqasının finalına çıxmaq adi bir şey deyil. Finalda qələbə qazanmaq lazımdı. “Real” titulunu qorumaq üçün əlindən gələn hər şeyi edəcək”.
Marselo: “Bəli, top əlimə dəymişdi. Penalti var idimi? Məncə, var idi.
Navas və Benzema adına sevinirəm. Belə bir oyun ortaya qoymağa tamamilə layiqdilər. Bəzən futbolda xoşagəlməz hallar olur. Hətta yaxşı keçirdiyin oyunda uduzmaq da mümkündü. Benzema komandaya yardımçı olmaq üçün çox çalışır. Hamımızın müəyyən uğursuzluqları olur. Bir oyunda dubl edirsən, digərində qol vura bilmirsən. Bəzən səni alqışlayırlar, bəzən isə fitə basırlar
Luka Modriç: “Real” son 5 ildə 4-cü dəfə finala vəsiqə qazanır. Bu, inanılmaz göstəricidi və biz bundan məmnunuq. Geriyə qalır son addımı atmaq. Ümid edirəm, daha bir Çempionlar Liqası kubokunu başımız üzərinə qaldıracağıq.
Bizim hər oyunumuzda hakimliyə dair mübahisələr olur. Marselonun epizodunu görməmişdim, ona görə də, fikrimi bildirə bilmərəm. Bəzi insanların uğurlarımızı kiçiltməyə çalışmağına artıq alışmışıq”.
Serxio Ramos: “Titulumuzu müdafiə etmək və onu yenidən evimizə gətirmək üçün finala vəsiqə qazandıq. Bunu bacaracağımıza inanırıq.
Bu gün uzun müddət səbr etməli olduq, çünki “Bavariya” çox yaxşı komandadı. Onlara daha çox topa sahib oldular, ancaq ümumiləşdirsək, biz daha yaxşı olan tərəf idik və Kiyevə getməyə layiqik.
Sona qədər mübarizə aparmaq “Real”ın qanında var. Biz mübarizə aparmağı bacarırıq”.
Xames Rodriges: “Marselonun epizodunu görmədim, uzaq idim. Hamı deyir ki, penalti var idi. Ancaq uğursuzluğa görə kimisə günahlandırası deyiləm.
Yaxşı oynadıq, ancaq bu səfər alınmadı. “Real” finala çıxdı, deməli, onlar hər şeyi düzgün etdilər.
Ulrayxı günahlandıra bilmərik. Həm bu gün, həm də birinci oyunda səhvlər buraxdıq. Ancaq futbolda bəzi şeylər var ki, onları təxmin etmək olmur.
Qolu qeyd etmədim, çünki bir neçə ilimi “Real”da keçirmişəm və orada xoşbəxt idim. Məni alqışladıqlarına görə məmnunam. Belə görünür ki, “Real”da yaxşı işlər görmüşəm. Bütün azarkeşlərə təşəkkür edirəm”.
Tomas Müller: “Möhtəşəm oyun idi. Bütün gücümüzü ortaya qoyduq. Bu nəticəyə görə özümüzü günahlandıra bilərik, ancaq bəzi anlarda şans da yanımızda deyildi. “Real”a qollar hədiyyə elədik. Hər şey mümkün idi, ancaq azacıq şansımız gətirmədi. Finala çıxmaq uğrunda böyük bir şansı əldən verdik – bu, qorxuncdu, ancaq utanılası bir şey yoxdu. Belə bir oyundan sonra özümüzə gəlmək üçün bir neçə günə ehtiyacımız var”.
Mats Hummels: “Hər iki matçda “Real”a qol hədiyyə elədik. Bu, futboldu, bəzən bu səviyyədə belə, ağlagəlməz səhvlərə yol verilir.
“Bavariya” vəziyyətin hakimi idi. Epizod ardınca epizodumuz olurdu, ancaq onları reallaşdıra bilmədik və bunun bədəlini ödədik. Əgər Çempionlar Liqasını qazanmaq istəyirsənsə, həlledici anlarda dəqiq olmalısan”.
Facebook-da paylaş