Dünya reytinqi: “Qarabağ” postsovet məkanından ilk “100-lüy”ə düşən yeganə klubdur - SİYAHI
“Qarabağ” Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) açıqladığı dünya reytinqində postsovet məkanı klublarının siyahısına başçılıq edir.
BrendSport.az xəbər verir ki, dünyada 61-ci, Avropada isə 35-ci pillədə qərarlaşan Azərbaycan çempionu keçmiş SSRİ klubları arasında ən yaxşı göstəriciyə malik olmaqda davam edir.
Hesabında 144,5 xal olan Qurban Qurbanovun yetirmələri hətta dünyanın ilk “100-lüy”ünə düşən yeganə postsovet məkanı klubudur. Ağdam təmsilçisinin ən yaxın izləyicisi olan Ukrayna “Şaxtyor”u (Donetsk) 78-ci yerdən 106-cı pilləyə düşüb.
Azərbaycanın siyahıdakı digər komandalarından “Sabah” postsovet məkanında 13-cü, “Neftçi” isə 17-ci yerdə qərarlaşıb.
Postsovet məkanı klublarının ilk “10-luğ”u:
1 (dünyada 61-ci). “Qarabağ” (Azərbaycan) – 144,5 xal
2 (106). “Şaxtyor” (Donetsk, Ukrayna) – 116
3 (123). “Dnepr-1” (Ukrayna) - 108,25
4 (134). “Şerif” (Moldova) - 104,5
5 (142). “Jalgiris” (Litva) – 100,5
6 (143). “Pünik” (Ermənistan) – 99,5
7 (180). RFS (Latviya) – 85,5
8 (196). “Dinamo” (Kiyev, Ukrayna) – 82,5
9 (198). “Riqa” (Latviya) – 82
10 (205). “Urartu” (Ermənistan) – 80
Avropa reytinqində “Qarabağ” 35-ci pilləyə yüksəlibsə, “Sabah” 182-ci, “Neftçi” isə 192-ci sırada özünə yer tapıb.
“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibləri də reytinqdə yüksəlişə nail olublar. Almaniya kubu “Bayer 04” 5 addım irəliləyib. Leverkuzenlilər 172 xalla İngiltərə “Liverpul”u ilə 32-ci yeri bölüşdürürlər. İsveç “Hakken”i 140-cı yeri 138-ə dəyişib. Adı çəkilən komandanın hesabında 101 xal var. Norveçin “Molde” klubu isə 87,5 xalla 175-ci pillədə qalıb.
Türkiyə klublarından yalnız “Fənərbağça” “Qarabağ”dan öndədir. Hesabında 196,5 xal olan İstanbul nəhəngi 1 addım geriləyərək, 17-ci pilləyə düşüb. Türkiyənin ən yaxşı göstəriciyə malik ikinci komandası “Qalatasaray” 94-cü yerdən 69-cu pilləyə (138,5 xal) yüksəlib. Türkiyənin reytinqə düşən digər 8 komandası isə ilk “100-lük”dən kənarda qalıb.
Qeyd edək ki, ümumilikdə 414 komandanın yer aldığı dünya reytinqinə İngiltərə təmsilçisi “Mançester Siti” (304 xal) başçılıq edir.
Facebook-da paylaş