"Qəbələ"nin sabiq məşqçisi dağıntılar altında qalıb
2009-2015-ci illərdə “Qəbələ” Futbol Akademiyasında qapıçı məşqçisi işləyən Uğur Kurt Türkiyədəki zəlzələ zamanı dağıntılar altında qalıb.
BrendSport.az xəbər verir ki, “İskenderunspor” klubunda çalışan 53 yaşlı mütəxəssis zəlzələ olan vaxt klubun məşqçilər üçün ayrılmış binasında olub.
“İskenderunspor” klubunun digər məşqçisi Halil İbrahim Sönmez dağıntılar altından çıxarılsa da, Uğur Kurtdan hələ də bir xəbər yoxdur. Qeyd edək ki, “Qəbələ”nin sabiq məşqçisinin dünən çantası tapılıb.
“İskenderunspor” klubunun qapıçısı Berk Balaban Türkiyə mətbuatına hadisəni belə təsəvvür edib: “İlk böyük təkan olduğunda bizim sol tərəfimizdə Uğur Kurt və Halil İbrahim Sönmez hocamızın qaldığı bina çökmüşdü. Biz binanın sadəcə toz dumanını görə bildik.
Uğur və İbrahim hocamızın dağıntıların altında olduğunu bilirdik. Əvəlcə qışqırdıq-bağırdıq, səs gələcəkmi deyə. 1,5 saatdan sonra İbrahim hocamızın səsini eşitmişlər. Gecə saat 3-də özümüz onu çıxara bildik. Vəziyyəti pis idi, aldığım xəbərə görə, təəssüf ki, vəfat etdi. Uğur hocamızdan hələ xəbər ala bilmirik. Xilasedicilər dünən səhər gəlmişdilər. Ondan əvvəl heç bir yardım yox idi. Artıq xeyli vaxt oldu, amma gözəl xəbərlərini gözləyirik”.
“Qəbələ”nin baş meneceri Nail Kərimov bizimlə söhbətdə hadisədən xəbərdar olduqlarını, möcüzə gözlədiklərini dedi.
Xatırladaq ki, Uğur hoca “Zeytinburnuspor” (2004), “Qalatasaray” (2006), “Sarıyer” (2015), “Boluspor” (2016), “Karagümrük” (2016), “Manisaspor” (2017), “İstanbulspor” (2018), “Başakşehir” (2022) klublarında fəaliyyət göstərib
Facebook-da paylaş