İsmayıl Qafar oğlu Abdul-Qədirov
Azərbaycan idman ictimaiyyətinə ağır itki üz verib. Tanınmış idman mütəxəssisi İsmayıl Qafar oğlu Abdul-Qədirov ömrünün 85-ci ilində vəfat edib.
Azərbaycan Respublikasının Əməkdar məşqçisi, Bədən tərbiyəsi və idman əlaçısı, Fəxri bədən tərbiyəsi və idman işçisı, Əməkdar bədən tərbiyəsi və idman xadimi İ.Abdul-Qədirov 1936-cı il fevralın 15-də anadan olub.
İ.Abdul-Qədirov idmanla məşğul olmağa 14 yaşında başlayıb. 1950-ci ildə «Dinamo» idman cəmiyyətində yunan-Roma güləşi ilə məşğul olmağa başlayıb.
Bir neçə ildən sonra özünü məşqçilik sahəsində sınayan İsmayıl müəllim 1965-1968-ci illərdə məktəblilərdən ibarət yığma komandanın məşqçisi olub. Onun yetirmələri 1967-ci ildə SSRİ məktəblilərinin 10-cü yubiley Sparakiadasında 3-cü yerə layiq görülüb. 1950-cu ildə Azərbaycan Bədən Tərbiyəsi və İdman İnstitutunu bitirdikdən sonra institutun «Güləş və onun metodikası» kafedrasında işləməyə başlayıb.
1961-ci ildə «Bədən tərbiyəsi və idman əlaçısı» adına layiq görülən İsmayıl müəllim, həmin il güləş üzrə respublika, 5 il sonra isə Ümumittifaq dərəcəli hakimliyə yüksəlib. 1980-1990-cı illərdə İsmayıl müəllimin elmi-pedaqoji fəaliyyəti özünü daha qabarıq büruzə verib. İ.Abdul-Qədirov məşqçilik fəaliyyəti dövründə 25-dən artıq idman ustası, 50-dən çox idman ustalığına namizəd hazırlayıb.
1980-ci ildən başlayaraq, çalışdığı kafedraya rəhbərlik edən A.Abdul-Qədirov 10 il bu vəzifəni daşıdıqdan sonra, uzun müddət institutun qiyabi fakültəsinin dekanı vəzifəsində çalışıb.
1991-ci ildə, elmi-pedaqoji fəaliyyəti nəzərə alınaraq, ona dosent elmi dərəcəsi verliib. Bədən tərbiyəsinin nəzəriyyəsi və metodikası kafedrasının professoru olub. İsmayıl müəllimin qələmindən neçə-neçə elmi məqalə çıxıb, 30 dərslik və tədris vəsaitinin müəllifi idi.
A.Abdul-Qədirovun Azərbaycan idmanı, idmançı kadrların yetişdirilməsi sahəsindəki uzunmüddətli və məhsuldar əməyi dəfələrlə Ümumittifaq və respublika idman komitələri tərəfindən diplom və fəxri fərmanlarla qeyd olunub. 1990-2002-ci illərdə Milli Olimpiya Komitəsi İcrayyə Komitəsinin üzvü olan görkəmli idman xadimi, 2001-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə «Tərəqqi» medalı, 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi adına lqyiq görülüb. 2010-cu ildə «Şöhrət» ordeni ilə təltif edilib.
İsmayıl Abdul-Qədirovun əziz xatirəsi onu tanıyanların və idman ictimaiyyətinin qəlbində daim yaşayacaq.
Allah rəhmət eləsin!
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası
Facebook-da paylaş