"Qarabağ"ın sabiq qapıçısı: "Komanda Almaniyadan xalla dönə bilər"
"Qarabağ" səfərdən xalla dönə bilər".
BrendSport.az xəbər verir ki, Ağdam təmsilçisinin sabiq qapıçısı Fərhad Vəliyev komandanın Almaniyada "Bayer 04" klubuna qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin III turunun oyunu ilə bağlı danışarkən deyib.
42 yaşlı keçmiş qolkiper Azərbaycan çempionunu çətin qarşılaşmanın gözlədiyini bildirib: "Rəqib hazırda Bundesliqanın lideridir. Amma təmsilçimiz illərdir bu atmosferi görüb, "Bayer 04"dən də güclü komandalarla üz-üzə gəlib".
Hazırda "Zirə" klubunda işləyən məşqçi "köhlən atlar"ın meydanda öz oyununu sərgiləyəcəyini vurğulayıb: "Qarabağ"ın bu görüşdə müdafiəyə oturacağını düşünmürəm. Amma hansısa xüsusi plan və taktika qurula bilər. Belə komandalara qarşı müdafiədə daha diqqətli olmalı və az boşluq verməlisən. Əminəm ki, futbolçular nəticə qazanmaq üçün əllərindən gələni edəcəklər".
2010-cu ildə UEFA Avropa Liqasının pley-off mərhələsində Almaniya nəhəngi "Borussiya" (Dortmund) ilə görüşlərdə (0:4, 0:1) meydanda olan Vəliyev həmin anları xatırlayıb: "İlk matç səfərdə idi. Azarkeşlər böyük atmosfer yaratmışdı. Bütün tribunalar tam dolu idi. Hətta oyun ərzində müdafiəçilərə nəsə demək istəyirdim, amma səsimi çatdırmaqda çətinlik çəkirdim. Azarkeşlərin səsi daha çox eşidilirdi".
Vəliyev həmin dövrün avrokuboklarda ilk addımlar olduğunu söyləyib: "Bir neçə il pley-off mərhələsinə yüksəlmişdik. "Qarabağ" artıq təcrübəlidir, belə oyunlara çox çıxıb. UEFA Çempionlar Liqasında qrup mərhələsinə kimi yüksəlib. "Bayer 04"dən də güclü klublarla qarşılaşıb. Komanda belə matçlara hazırdır və yaxşı nəticə ilə Vətənə dönə bilər. Məğlub olsalar belə, öz oyunlarını sərgiləyəcəklər və rəqibdən çəkinməyəcəklər".
Qeyd edək ki, oktyabrın 26-da “Bay-Arena”da keçiriləcək “Bayer 04” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
Facebook-da paylaş