Sabah Bakıda “Vüqar Həşimov memorialı-2021” start götürəcək
Sabah – dekabrın 18-də Azərbaycanın tanınmış şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan sayca 7-ci beynəlxalq şahmat turniri start götürəcək.
BrendSport.az saytı xəbər verir ki, “Vüqar Həşimov memorialı-2021”də ölkəmizi üç idmançı - Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Vüqar Əsədli təmsil edəcəklər. Azərbaycan şahmatçıları ilə yanaşı, turnirdə Fabiano Karuana (ABŞ), Sergey Karyakin (Rusiya), Macarıstan idmançısı Riçard Rapport, hindistanlı Vişvanatan Anand və David Navara (Çexiya) da mübarizə aparacaqlar.
Turnir Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçiriləcək. Yarışa “Fairmont Baku” oteli ev sahibliyi edəcək. Turnir dekabrın 23-dək davam edəcək.
Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014-cü, 2015-ci, 2018-ci, 2019-cu), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016-cı, 2017-ci) dəfə bu turnirin qalibi olublar. Ötən il koronavirus pandemiyası ilə əlaqədar turnir keçirilməyib.
AzərTAc
Facebook-da paylaş