DİN İdman Cəmiyyətinin komandası ölkə çempionatında 16 medal qazanıb
Şağan Olimpiya İdman Kompleksində keçirilən yeniyetmələr və gənclər arasında kikboks üzrə ölkə çempionatında Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin üzvləri komanda hesabında növbəti dəfə ölkə kubokuna sahib olublar.
DİN-in mətbuat xidmətindən BrendSport.az -a bildiriblər ki, nazirliyin komandası yarışda 8-i qızıl, 4-ü gümüş və 4-ü bürünc olmaqla 16 medal qazanıb.
Gənclərdən ibarət milli komandamızın baş məşqçisi Hikmət Hacıyev deyib ki, əldə edilən nəticələr ölkəmizdə, eləcə də daxili işlər orqanlarında idmanın inkişafının, idmana, idmançılara göstərilən diqqət və qayğının bariz nümunəsidir. Bu diqqət və qayğıya cavab olaraq hər birimiz etimadı doğrultmağı özümüzə şərəf və borc bilirik.
Uğurlu idman siyasətinin nəticəsi olaraq, Azərbaycan dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar. Azərbaycanın qısa müddətdə idman sahəsində əldə etdiyi nailiyyətlər beynəlxalq idman təşkilatları tərəfindən yüksək qiymətləndirilib. Bu nailiyyətlərin əldə olunmasında daxili işlər orqanlarının idmançı əməkdaşlarını, İdman Cəmiyyətinin yetirmələrini görmək sevindiricidir.
Peşəkar idmançıların yetişməsində məşqçi-müəllimlərin rolu danılmazdır. DİN İdman Cəmiyyətinin idmanın təşkili bölməsinin əməkdaşı, kikboksinq üzrə məşqçi-müəllim Hikmət Hacıyevin yetirmələri Azərbaycan kubokuna ardıcıl 13 dəfə sahib olub, dünya və Avropa çempionatlarında, peşəkar turnirlərdə dəfələrlə yüksək mükafatlar qazanıblar. Ötən il onlar üç dəfə ölkə, dəfələrlə xatirə turnirlərində kuboka sahib olublar. Buraya dünya və Avropa çempionatlarında əldə edilən 8, ölkə çempionatında qazanılan 55 medalı da əlavə etsək uğurların miqyası tam aydın olar. Qazanılan medallardan 19-u qızıl, 12-si gümüş, 32-si bürüncdür.
Ötən il dekabrın 13-də dövlətimizin başçısının iştirakı ilə ilin idman yekunlarına həsr olunmuş tədbirdə təltif olunanlar arasında daxili işlər orqanlarının əməkdaşları DİN İdman Cəmiyyətinin təmsilçilərinin olması da qürurverici idi. Həmin tədbirdə Prezident İlham Əliyevin idmanın inkişafında xidmətləri olan, eləcə də əldə etdiyi yüksək nailiyyətlərə görə bir qrup idmançıya və idman mütəxəssisinə yeni mənzillərin orderlərini təqdim etməsi onlara göstərilən ali diqqət və qayğının növbəti əyani təzahürü olub. Hikmət Hacıyevin yetirmələrindən Ramal Aslanov da təltif olunanlar arasında yer alıb.
Kikboksinq üzrə ölkəmizin idman cəmiyyətləri və klubları arasında ən çox dünya və Avropa çempionları da DİN İdman Cəmiyyətində yetişib. Onların arasında polis əməkdaşları, Daxili Qoşunların hərbi qulluqçuları üstünlük təşkil edirlər.
Facebook-da paylaş