Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən ağacəkmə aksiyası təşkil edilib
Aprelin 20-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası təşkil olunub.
BrendSport.az xəbər verir ki, nazirliyin və BŞH-nin rəsmiləri və əməkdaşlarının, eyni zamanda könüllülərin və marşalların iştirakı ilə keçirilən ağacəkmə aksiyası zamanı ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.
Xatırladaq ki, BŞH Formula 1 Azərbaycan Qran-Prisinin təşkilatçısı olaraq Formula 1-in qlobal dayanıqlı inkişaf strategiyası çərçivəsində 2030-cu ilədək karbon tullantılarının sıfıra endirilməsi təşəbbüsünə qoşulub və bu günədək əsas məqsədi planetimizin qorunması olan müxtəlif tədbirlərin həyata keçirilməsində yüksək peşəkarlıq göstərib.
Qeyd edək ki, paytaxtımızda yeddinci dəfə keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi aprelin 28-30-da baş tutacaq.
Facebook-da paylaş