Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Atamın istefasına sevindim" - Coşqun Diniyev

“Atamın istefasına sevindim" - Coşqun Diniyev


“Qarabağ”ın yarımmüdafiəçisi Coşqun Diniyev Topaz Premyer Liqasının XIII turunda “Zirə”yə 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. O, əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.

- Oyunun çətin keçəcəyini bilirdik. “Zirə” bizi udub, 1-ci pilləyə yüksəlmək istəyirdi. Bu meydanda “Zirə”yə qarşı oynamaq hər zaman ağır olub. Mövsümün sonunda çempion olmaq istəyiriksə, əsas 2 rəqibimizdən birini burada məğlub etməliydik. Sevinirəm ki, bunu bacardıq.

- Bu gün 2 fərqli hissə izlədik. İlk yarıda “Qarabağ”, ikinci 45 dəqiqədə “Zirə” yaxşı təsir bağışladı. Sanki “Çelsi” ilə oyunun yorğunluğu hələ tam keçməyib...

- Bəlkə də digər futbolçularda yorğunluq var idi. Çünki “Çelsi”yə qarşı onlar oynamışdılar. Heç bir komanda 90 dəqiqəni eyni tempdə apara bilməz. Bəzən rəqib daha üstün oyun nümayiş etdirə bilər. Bu da normal haldır.

- “Qarabağ”da oynamaq üçün az şans qazanırsan. Öz gələcəyini bu komandada görürsən?

- Ehtiyatda qalanda hər bir futbolçu kimi pis oluram. Amma buradan özümü göstərmədən qaçıb getmək çıxış yolu deyil. Özümü sübut eləməyə çalışıram. Hər bir futbolçu oynadıqca “artırır”. Çalışacam ki, özümü göstərib, elə bu komandada da qalıb.

- Riçard Almeyda ilə yarımmüdafiənin mərkəzində bir-birinizi yaxşı başa düşürsünüz. Amma Miçellə oynayanda yola getmirsiniz. “Neftçi” ilə oyundan sonra olduğu kimi, bu dəfə də aranızda nəyisə müzakirə edirdiniz. İspan futbolçu nədən narazıdır?

- Bütün komanda bilir ki, Miçel meydanda və meydandan kənarda fərqli insandı. Hisslərinə çox tez qapılır. Biz onu başa düşürük. Nə mənim onunla, nə də onun mənimlə düşmənçiliyi var. Mənə nəsə deyəndə əsəbləşib cavab qaytarıram. Amma bunlar meydanda qalır. Kənarda hamımız dostuq.

- Yəqin ki, “Çelsi”ylə oyunda baş verənlərdən sonra bu görüşə hazırlaşmaq çətin oldu...

- Əslində belə oyunlar, belə hakim qərarları bizi möhkəmlədib, qarşıdakı görüşlərə hazırlayır. “Qarabağ”da heç vaxt belə problem görməmişəm ki, komanda psixoloji cəhətdən “sınsın”, oyunlara hazırlaşa bilməsin. Əksinə, bu cür hallar bizə müsbət təsir edir.

- Şahin Diniyevin istefası sənə necə təsir etdi?

- Peşəkarlıq baxımından atamın istefa verəcəyini gözləmirdim. Amma emosiyalara qalanda “Kəpəz”dən ayrılmağına sevindim. Bəlkə də kənardan baxanlar bunu bilmirlər. Atamın nələr çəkdiyini, necə çətinliklərdən keçdiyini mən görürdüm. Yaxşı ki, vaxtında istefa verib getməyi bacardı.

- Bəs hazırda necədir, özünü necə hiss edir?

- Əvvəlki ürək ağrılarından, stressdən sonra indi sakit həyat yaşayır. Bu da mənim üçün hər şeydən önəmlidir. Atamın işindən öncə sağlamlığı daha vacibdir.

- “Kəpəz”in “Qəbələ”yə böyükhesablı məğlubiyyətindən sonra atan nəsə dedi?

- Hələ görüşməmişik. Onu deyim ki, “Kəpəz”in problemi tək məşqçidən ibarət deyil. Komanda “qara zolaq”dadır. İnanıram ki, Yunis Hüseynovla bu vəziyyətdən çıxarlar.

Qol.az


Facebook-da paylaş

Xəbəri paylaş