Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



İranə Əhmədova: Könüllülük gənclərə karyera qurmaqda böyük imkanlar açır



“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) İnsan resursları və işçi qüvvəsi şöbəsinin və BŞH Akademiyasının rəhbəri İranə Əhmədova könüllülüyün üstün cəhətləri və uğurları barədə BrendSport.az müsahibə verib. Müsahibəni təqdim edirik.

- İranə xanım, könüllülük fəaliyyəti nədir və könüllü olmaq nə üçün lazımdır? Könüllülüyün cəmiyyətdə və şəxsi inkişafda rolu nədən ibarətdir?

- Bu gün gənclərin inkişafı üçün müxtəlif imkanlar mövcuddur. Ölkədə həyata keçirilən könüllülük proqramları onlar üçün mühüm imkanlar yaradır. Könüllülük maddi təminat və qarşılıq gözləmədən çalışan fərdin öz iradəsinə və müstəqil seçiminə əsaslanan fəaliyyət növüdür. Könüllülük birlikdir, dostluqdur, sosiallıqdır, təcrübədir, məsuliyyətdir, bol enerjidir, peşəkar yanaşmadır. Ən əsası odur ki, könüllülük üçün heç bir sərhəd - yaş, vətəndaşlıq, milliyyət, fiziki məhdudiyyətlilik və s. yoxdur. Yeni dostlar qazanmaq, yeni bacarıqlar öyrənmək, gələcək karyera üçün peşəkar addımlar atmaq, hətta özünü daha sağlam və xoşbəxt hiss etmək üçün könüllülük fəaliyyəti geniş imkanlar yaradır.

- BŞH-da könüllülük fəaliyyəti nə qazandırır?

- Könüllülüyün cəmiyyətdə və fərdin şəxsi inkişafında bir çox faydası var. Belə ki, könüllülük fəaliyyəti gənclərin özlərini cəmiyyətin ayrılmaz və faydalı üzvü kimi hiss etməsinə zəmin yaradır. Ən kiçik tapşırıqları müvəffəqiyyətlə yerinə yetirmək, böyük yarışların bir hissəsi olmaq hissinin verdiyi özünəinam, daha geniş əlaqələrə malik olmaq və sosiallaşmaq fərdi cəmiyyətə və işgüzar həyata hazırlayır. Beləliklə, könüllü vaxtını həm əyləncəyə, həm də işə sərf etmiş olur.

Könüllülüyün həm fiziki, həm də mənəvi sağlamlığa faydası var. Düzgün könüllülük yolunu seçmiş şəxsin stresli, depressiv və əhval-ruhiyyəsinin aşağı səviyyədə olması mümkün deyil. Kiməsə fayda verməyin, sevdiyi işlə məşğul olmağın və stressdən uzaq əhatənin olması fərdin psixoloji vəziyyətinin daha yaxşılaşmasına səbəb olur.

Özünəinam hissinin artması könüllülük fəaliyyəti zamanı qazanılan ən böyük uğurlardandır. Könüllülük gənclərin karyera qurmaları üçün böyük imkanlar yaradır. Könüllülük fəaliyyəti zamanı fərdin əldə etdiyi təcrübə, peşəkar işçi komandası ilə işləmə fürsəti və işgüzar əlaqələrin qurulması yeni karyeraya başlamaq üçün böyük fürsətlər yaradır. İşgüzar fərdlər isə könüllülük fəaliyyəti zamanı karyera yolunda əskiklikləri görüb düzəltmə imkanı əldə edirlər.

Ümumiyyətlə, könüllülük fərdin öz maraqlarını və istəklərini kəşf etməsinin əyləncəli, qısa və asan yoludur. Könüllü olmaqla tədbirin təşkilində bilavasitə iştirak etməklə yanaşı, iş vaxtından sonra könüllülər üçün təşkil edilən əyləncələrə qoşulmaq imkanı da verir. Onlar könüllü fəaliyyəti zamanı bir çox fərqli insanlarla ünsiyyətdə olurlar. Fərqli sahələrdə müxtəlif insanlarla birgə fəaliyyət könüllülərin dünyagörüşlərinin formalaşmasında mühüm rol oynayır.

- Gələn il keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi üçün könüllülərin qeydiyyatı nə vaxt başlayacaq?

- Qeydiyyatın dekabrın əvvəlində başlaması nəzərdə tutulur. Qeyd edim ki, keçən il ilk altı gün ərzində 12 min könüllü müraciət etmişdi və bu il də böyük marağın olacağı gözlənilir. Lakin hər il 3 min könüllü yarışlara cəlb olunduğuna görə müraciət etmək istəyənlərə tövsiyə olunur ki, elan paylaşılan kimi gecikmədən qeydiyyatdan keçsinlər. Yeniliklərdən tez xəbər tutmaq istəyən şəxslər bizi rəsmi veb-səhifəmizdən (www.bakucitycircuit.com) və sosial şəbəkələrimizdən (Facebook (http://bit.ly/2KT6cbB), Instagram (http://bit.ly/2KF0J7T) və YouTube (http://bit.ly/2KCGx6P) izləyə bilərlər.

- BŞH-də necə könüllü olmaq olar?

- Komandamızın üzvü olmaq üçün 16 yaşdan yuxarı hər bir şəxs müraciət edə bilər. Lakin könüllü seçimi məhdud sayda olduğu üçün müraciət və müsahibələr zamanı fərdin bir çox keyfiyyətlərinə diqqət yetirilir. Əlbəttə, beynəlxalq yarış olduğu üçün xarici dil biliyinin olması arzuediləndir. Məsuliyyətlilik və ölkəmizi təmsil etmə istəyinin yüksək olması bizim üçün əsas xüsusiyyətlərdəndir. Seçimlər zamanı məhz bu amillərə xüsusi diqqət yetirilir.

Hər il müraciət edən könüllülərin böyük əksəriyyəti gənclərdən ibarət olur. Bu gənclərin şəxsi inkişafı üçün BŞH Akademiyası yaradılıb. Könüllü kimi müraciət edən hər kəs yaradılmış geniş imkanlardan faydalanmaq fürsəti əldə edir. Könüllülük inkişafdır. Hər kəsi komandamıza qoşularaq bu şansdan yararlanmağa dəvət edirik.


Facebook-da paylaş