İsmayıllıda “Qızlar Futzal Kuboku”nun qalibləri mükafatlandırılıb
AFFA-nın təşkilatçılığı ilə martın 17-də və 18-də İsmayıllı rayonunda 14 yaşadək məktəbli qızlar arasında “Qızlar Futzal Kuboku” turniri keçirilib.
BrendSport.az xəbər verir ki, turnirin ilk günü 12 komanda arasında qrup mərhələsi üzrə 12 oyun keçirilib. Növbəti gün isə pley-off mərhələsinin oyunlarına yekun vurulub.
İsmayıllı Olimpiya İdman Kompleksinin idman zalında təşkil edilən turnirdə 12 məktəb və 90 yeni qız futbolçu qeydiyyatdan keçib. İştirakçı komandalar AFFA və UEFA tərəfindən idman geyimi və ayaqqabıları ilə təmin olunub.
Təzəkənd kənd tam orta məktəb turnirin qalibi, II və III yeri isə müvafiq olaraq 5 nömrəli tam orta məktəb və 6 saylı tam orta məktəb tutub. 5 qolla 6 nömrəli tam orta məktəbin şagirdi Fidan Fərəcova turnirin ən məhsuldar oyunçusu olub. 5 nömrəli tam orta məktəbin şagirdi Nərmin Məmmədli ən yaxşı oyunçu, Təzəkənd kənd tam orta məktəbin şagirdi Günay Seyidova isə turnirin ən yaxşı qapıçısı seçilib. İlk üç yeri tutan komandalar diplom və medallar, qalib komanda isə kubokla mükafatlandırılıb. Mükafatları AFFA-nın Qadın futbolu departamentinin rəisi Əminə Həsənova və 15 yaşadək qızlardan ibarət milli komandanın baş məşqçisi Xanlar Əliyev təqdim ediblər.
Qeyd edək ki, layihənin əsas məqsədi həm gələcəkdə qızlar futzal liqasını, həm də qadınlardan ibarət futzal üzrə milli komandanın yaradılmasıdır. AFFA və UEFA-nın dəstəyi ilə keçirilən “Qızlar Futzal Kuboku” layihəsinin 5 müxtəlif regionda keçirilməsi planlaşdırılır.
Facebook-da paylaş