AFFA “Neftçi”ni yüksək məbləğdə cərimələyib

AFFA İntizam Komitəsi Misli Premyer Liqasının XXVIII turu ilə bağlı qərarlarını açıqlayıb.
BrendSport.az xəbər verir ki, “Zirə” – “Neftçi” oyununda qayda pozuntularına görə hər iki klub cərimələnib. 5 futbolçusu sarı vərəqə aldığına görə meydan sahibləri 700 manat cərimə olunub. Komandanın məşqçisi Ağabala Ramazanov texniki zona qaydalarını pozduğu üçün qırmızı vərəqə alaraq 1 oyunluq cəzalanıb, klub isə əlavə 2000 manat cərimə edilib. Oyundan sonra hakimə məxsus avtomobilə zərər vurulduğuna və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “qartallar” 3000 manat ziyana düşüb və dəymiş zərəri qarşılamaq öhdəliyi daşıyır.
“Neftçi” komandasına da 5 sarı vərəqəyə görə 700 manat cərimə tətbiq olunub. Baş məşqçi Yuri Vernidub və məşqçi Dmitro Kara Mustafa hakim qərarlarına etiraz etdiklərinə görə qırmızı vərəqə alaraq hər biri 1 oyunluq cəzalanıb, klub isə hər mütəxəssisə görə 5000 manat məbləğində cərimələnib. Komandanın futbolçusu Breno Almeyda birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb, klub 3000 manat xərcə düşüb. Azarkeşlərin hakimlərə qarşı kütləvi təhqiramiz ifadələr səsləndirməsi və meydançaya kənar əşyalar atması səbəbindən “ağ-qaralar” müvafiq olaraq 8000 və 4500 manat ödəyəcək.
Bundan başqa “Araz-Naxçıvan” – “Turan Tovuz” qarşılaşmasından sonra meydançaya kənar şəxslərin daxil olması nominal ev sahibi komandanı 5000 xərcə salıb. Qonaqlar isə 5 sarı vərəqəyə görə 700 manat cərimə edilib.
Həmçinin “Karvan-Yevlax” “Şamaxı” ilə oyunda təşkilati-texniki öhdəliklərin pozulmasına görə 1000 manat ödəyəcək.
“Qarabağ” – “Sabah” görüşündən sonra azarkeşlərin meydançaya daxil olması hər iki klubu 5000 ziyana salıb. Qonaqlar 6 sarı vərəqəyə görə 700 manat cərimələnib. Bakı təmsilçisinin futbolçusu Abdulax Xaybulayev ciddi qayda pozuntusuna görə qırmızı vərəqə alaraq 2 oyunluq cəza alıb, klub 1000 manat məbləğində cərimələnib.
“Kəpəz” isə “İmişli” ilə matçda 4 sarı vərəqəyə görə 700 manat ödəyəcək.
Facebook-da paylaş





















