Azərbaycan Premyer Liqası: 40-cı qol, rekordun təkrarı
Azərbaycan Premyer Liqasının XIII turu Davit Volkovun het-triki ilə əlamətdar olub.
BrendaSport.az xəbər verir ki, gürcüstanlı legioner “Sabah”ın “Turan Tovuz”la səfər oyununda vurduğu üç qolla komandasının 3:2 hesablı qələbəsində pay sahibi olub. 28 yaşlı hücumçu bununla da “Sabah”ın tarixinə klubun Premyer Liqadakı ilk het-trikinin müəllifi kimi düşüb.
Volkovun özü isə çempionatda ikinci dəfə belə uğura imza atıb. 2021-ci il noyabrın 6-da “Zirə”nin forması ilə fərqlənən legioner indiki komandası “Sabah”ın qapısına üç qol vurub. 3:3 hesabı ilə bitən həmin matçda da Davit səfərdə het-trik edib.
Bununla da Volkov Azərbaycan çempionatlarında ən çox het-trik edən legioner statuslu futbolçulara çatıb. O, Əhməd Ticani, Junivan Suares, Anatoli Doroş, Bahodir Nasimov və Reynaldo Silvanın rekordunu təkrarlayıb.
“Turan Tovuz”la qarşılaşmadakı ikinci qol Volkovun Premyer Liqada 40-cı dəfə fərqlənməsi kimi tarixə düşüb. O, Azərbaycan çempionatlarında keçirdiyi 132 oyunda 41 qola sevinib. Davit “Qəbələ”də 7, “Zirə”də 20, “Sabah”da 14 dəfə rəqib qapısına yol tapıb.
Facebook-da paylaş