Tovuzda “Bahar turniri” keçirilib
AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə Tovuzda 12 yaşlı qızlar arasında futbol üzrə “Bahar turniri” keçirilib.
BrendSport.az xəbər verir ki, turnirdə 8 komanda iki qrupda mübarizə aparıb.
Qrupda ilk iki yerə tutan komandalar pley-off mərhələsində üz-üzə gəlib. E.Məmmədov adına tam orta məktəb turnirin qalibi olub. N.Tusi adına təbiət və texniki təmayüllü məktəb-lisey yarışı ikinci, Bozalqanlı kənd Y.Sadıqov adına tam orta məktəbi üçüncü pillədə başa vurublar.
Bozalqanlı kənd Y.Sadıqov adına tam orta məktəbin şagirdi Nuray Bayramzadə 5 qolla turnirin ən məhsuldar oyunçusu olub. N.Tusi adına təbiət və texniki təmayüllü məktəb-liseyin şagirdi Nəzrin İsmayıllı ən yaxşı oyunçu, E.Məmmədov adına tam orta məktəbin şagirdi Nəzrin Əmiraslanlı isə turnirin ən yaxşı qapıçısı seçilib.
İlk üç yeri tutan komandalar diplom və medallar, qalib komanda isə kubokla mükafatlandırılıb. Mükafatları AFFA-nın Qadın futbolu departamentinin rəisi Əminə Həsənova, U-17 (qızlar) milli komandasının baş məşqçisi Nərgiz Qurbanova və U-15 (qızlar) yığmasının baş məşqçisi Xanlar Əliyev və Tovuz Olimpiya İdman Kompleksinin direktoru Zeynalabdi Quliyev təqdim ediblər.
Qeyd edək ki, layihənin əsas məqsədi həm gələcəkdə qızlar futzal liqasının, həm də qadınlardan ibarət futzal üzrə milli komandanın yaradılmasıdır. Gəncə şəhər stadionunda baş tutmuş tədbirə ümumilikdə 65 yeni qız futbolçu qeydiyyatdan keçirilib. İştirakçı komandalar AFFA və UEFA tərəfindən idman geyimi və ləvazimatları ilə təmin olunub.
Facebook-da paylaş