Bölgələrdə tikilən Olimpiya kompleksləri idmanın kütləviliyinin təmin edilməsində mühüm rol oynayır
Tərtər və Yardımlı rayonlarında inşa olunan Olimpiya İdman komplekslərində son tamamlanma işləri görülür
Azərbaycanda idmanın inkişafı ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir. Bu kompleks tədbirlərə idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, o cümlədən mövcud idman qurğularının qorunub saxlanılması, yenidən qurulması, beynəlxalq standartlara uyğun yeni stadionların, Olimpiya İdman komplekslərinin tikilib istifadəyə verilməsi daxildir.
BrendSport.az xəbər veriri ki, Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova AZƏRTAC-a müsahibəsində bildirib ki, Azərbaycan bu gün dünyada idman ölkəsi, mötəbər beynəlxalq yarışların keçirildiyi məkan kimi tanınır. Bu uğurların qazanılmasında paytaxtımızla yanaşı, regionlarda inşa edilən müasir Olimpiya İdman komplekslərinin və idman qurğularının böyük rolu var. Son illər Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölkəmizin idman infrastrukturunun yenilənməsi və müasir standartlara cavab verən bazanın yaradılması istiqamətində əsaslı işlər görülüb.
Respublikamızın şəhər və rayonlarında 45-dən çox Olimpiya İdman Kompleksi, Bakı Olimpiya Stadionu, Su İdmanı Sarayı, Milli Gimnastika Arenası, Stend Atıcılığı üzrə İdman Kompleksi və digər iri idman qurğuları tikilib istifadəyə verilib. İdmanın müxtəlif növləri üzrə Azərbaycan milli komandalarının təlim-məşq toplanışlarının, idmançıların gündəlik məşqlərinin, eləcə də beynəlxalq idman turnirlərinin, respublika və zona yarışlarının keçirildiyi bu idman obyektləri, eyni zamanda, əhalinin də ən çox üz tutduğu məkanlardandır.
Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, Gənclər və İdman Nazirliyinin sifarişi ilə hazırda Tərtər rayonunda Olimpiya İdman Kompleksinin və Yardımlı İdman Kompleksinin inşası yekunlaşmaq üzrədir.
Tərtər Olimpiya İdman Kompleksində son tamamlanma işləri görülür
Tərtərdə Olimpiya İdman Kompleksinin təməli 2018-ci il fevralın 28-də qoyulub. Bu Olimpiya İdman Kompleksinin ərazisi 4 hektar, tikintialtı sahəsi 7261 kvadratmetrdir. Ümumi sahəsi 10 min 773 kvadratmetr olacaq bu idman qurğusunun əsas binasında təxminən 820 tamaşaçı tribunası olan, müxtəlif idman növləri üzrə məşqlərin və yarışların keçirilməsi üçün nəzərdə tutulan universal idman, 110 tamaşaçı tutumlu üzgüçülük, həmçinin güləş, boks və trenajor zalları, 62 çarpayı yerlik mehmanxana korpusu, kafe, mətbəx və digər texniki-yardımçı otaqlar mövcuddur.
Baş plana uyğun olaraq, ərazidə 1043 nəfər tamaşaçı tutumlu stadion və minifutbol, voleybol, basketbol olmaqla açıq idman meydançaları da yaradılıb. Kompleksdə artıq son tamamlanma işləri aparılır.
Qeyd edək ki, Prezident İlham Əliyev ötən il fevralın 2-də “Tərtər rayonunda Olimpiya İdman Kompleksinin tikintisinin başa çatdırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Yardımlı İdman Kompleksinin inşası yüksək keyfiyyətlə aparılıb
Yardımlı şəhərindəki Heydər Əliyev prospektində inşa edilən idman kompleksində də işlər qrafikə uyğun yüksək keyfiyyətlə görülüb. Bu kompleksinin ərazisi 2,3 hektar, əsas binanın tikintialtı sahəsi 3918 kvadratmetr, ümumi sahəsi 5957 kvadratmetrdir. Binada 560-a yaxın tamaşaçı tutumlu tribunası olan universal idman zalı, 135 nəfər tutumlu güləş, eləcə də boks, trenajor zalları var. Burada 43 yerlik mehmanxana, 56 nəfərlik kafe-restoran fəaliyyət göstərəcək. Layihə uyğun olaraq əraziyə açıq tipli minifutbol, voleybol, basketbol açıq meydançaları və yardımçı tikililər daxildir. Hər bir idman zallarının soyunub-geyinmə və məşqçi otaqları var.
Kompleksin enerji təsərrüfatını təmin etmək transformator, yarımstansiya, istilik təchizatını təmin etmək üçün qazanxana sistemləri inşa edilib. Obyekt müasir kondisioner və havalanma sistemləri ilə təchiz olunub. Ərazidə abadlıq işləri görülüb, yaşıllıq sahələri salınıb. Hazırda kompleksdə tikinti işləri yekunlaşmaq üzrədir.
Fiziki imkanları məhdud tamaşaçıların və idmançıların hər iki kompleksdən tam və təhlükəsiz istifadə etmələri üçün zəruri şərait yaradılıb.
Regionlarda idmanın inkişafı, bölgələrdə yaşayan gənclərin sağlam həyat tərzi sürmələri, onların idmanla sərbəst məşğul olmaları üçün Olimpiya İdman kompleksləri mühüm rol oynayır.
Xatırladaq ki, bu il fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev bu il sosial infrastrukturla bağlı önəmli addımlar atılacağını, o cümlədən iki Olimpiya İdman Kompleksinin açılışının nəzərdə tutulduğunu bildirmişdi.
Facebook-da paylaş