MOİK-in idmançıları Hərbçilərin VII Dünya Oyunlarına yola düşüblər
Mərkəzi Ordu İdman Klubunun (MOİK) idmançıları Hərbçilərin VII Dünya Oyunlarında iştirak etmək üçün Çin Xalq Respublikasının Uxan şəhərinə yola düşüblər.
BrendSport.az xəbər verir ki, Beynəlxalq Hərbi İdman Şurasının (CISM) təşkil etdiyi və oktyabrın 18-dən 27-dək davam edəcək mötəbər yarışda komandamız sərbəst güləş, yunan-Roma güləşi, cüdo, boks və atıcılıq idman növləri üzrə mübarizə aparacaq. Hərbçilərin Dünya Oyunlarında iştirak edəcək komandamızın heyətində dünya və Avropa çempionları, eləcə də Olimpiya Oyunlarının mükafatçıları, respublika birinciliklərinin qalibi olan idmançılar yer alıblar.
Sərbəst və yunan-Roma güləşçilərimizə yüksək səviyyəli yarışlarda beynəlxalq dərəcəli idman ustası, Əməkdar məşqçi, hərbçilərin Olimpiya Oyunlarının qızıl medalçısı, hərbçilər arasında keçirilən XXX dünya çempionatının qalibi, mayor Nazim Əlicanov və beynəlxalq dərəcəli idman ustası, hərbçilər arasında Avropa və dünya birinciliklərinin dördqat çempionu, hərbçilər arasında II Olimpiya Oyunlarının gümüş mükafatçısı, mayor Taleh İsrafilov rəhbərlik edirlər. Boksçularımızı yarışlara Rauf Aydınov, cüdoçularımızı isə Rauf Vəliyev hazırlayıblar.
MOİK-in komandasının heyətində dörd qadın idmançı da yer alıb.
Komandamızın tərkibində beynəlxalq dərəcəli hakimlər Faiq Kərimov, Anar Babanlı, Valeh Məhərrəmov, Elman İsmayılov da Uxan şəhərinə yola düşüblər.
Xatırladaq ki, MOİK 1995-ci ildən CISM-in fəal üzvüdür. CISM-ə üzv olduğu gündən indiyədək MOİK-in yetirmələri 6 dəfə Ümumdünya Hərbi İdman Oyunlarında və hər il keçirilən müxtəlif idman növləri üzrə dünya çempionatlarında uğurla çıxış edərək qızıl, gümüş və bürünc medallar qazanıblar. İdmançılarımız, həmçinin 2015-ci ildə Koreya Respublikasında keçirilən 6-cı Ümumdünya Hərbi İdman Oyunlarında iştirak ediblər. Yüz iyirmi ölkədən 8100 idmançının iştirak etdiyi həmin yarışlarda Azərbaycan Respublikasının Silahlı Qüvvələri 5 idman növü üzrə 30 idmançı ilə təmsil olunub.
Hərbçilər arasında cüdo üzrə dünya çempionatı Qafqazda ilk dəfə Azərbaycanda keçirilib. Bununla yanaşı, CISM çərçivəsində hərbçilərin 2004-cü ildə cüdo üzrə 30-cu, 2006-cı ildə güləş üzrə 24-cü və 2008-ci ildə boks üzrə 52-ci dünya çempionatları da Azərbaycanda keçirilib. Bundan başqa, 2013-cü ildə hərbçi idmançılar arasında ilk dəfə keçirilən futbol üzrə dünya kuboku yarışı da Azərbaycanda təşkili olub.
Qeyd edək ki, oktyabrın 18-dək 27-dək Çinin Xubey vilayətinin inzibati mərkəzi olan Uxan şəhərindəki 35 məkanda keçiriləcək Oyunlarda 100-dan çox ölkədən təxminən 10 min hərbçinin iştirakı gözlənilir. Budəfəki Oyunlarda 27 növ üzrə 329 yarış keçiriləcək ki, bu da hərbçilərin ən böyük Dünya Oyunları olacaq. Oyunların proqramına ilk dəfə stolüstü tennis idmanı da daxil edilib. Gimnastika və tennis üzrə yarışlar isə nümayiş xarakteri daşıyacaq.
Hərbçilərin 7-ci Dünya Oyunlarının keçirildiyi günlərdə iştirakçılara, tamaşaçılara, qonaqlara və jurnalistlərə kömək, habelə Oyunların keçirilməsi ilə bağlı şəhərdə xidmətlərin göstərilməsinə 236 min könüllü cəlb olunub.
Xatırladaq ki, Koreya Respublikasının Munqyeonq şəhərində keçirilmiş Hərbçilərin 6-cı Dünya Oyunlarında Azərbaycan təmsilçiləri 12 (2 qızıl, 4 gümüş və 6 bürünc) medal qazanaraq komanda hesabında 15-ci yeri tutublar.
Facebook-da paylaş