Finalda zədələnən Qaşım Maqomedov Olimpiadada gümüş medal qazanıb
Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarının taekvondo yarışlarına start verilib.
BrendSport.az xəbər verir ki, Azərbaycan millisinin yeganə təmsilçisi Qaşım Maqomedov da mübarizəyə qoşulub.
İdmançımız 58 kq çəkidə qüvvəsini sınayıb. O, Olimpiadalarda debütdə fəxri kürsüyə yüksəlib.
Taekvondo
Kişilər
58 kq
Qaşım Maqomedov ilk döyüşünü 1/8 finalda keçirib. Cek Uolleylə (İrlandiya) qarşılaşan taekvondoçumuz rəqibini 2:0 hesabı ilə məğlub edib və mərhələ adlayıb. Maqomedov ikinci döyüşündə ispaniyalı Adrian Visente ilə üz-üzə gəlib. Taekvondoçumuz yenə də dayanqdan qalib ayrılıb. O, rəqibini 2:0 hesabı ilə məğlub edərək yarımfinalda iştirak hüququ qazanıb. Maqomedov finala gedən yolda Vito Dell Akvila (İtaliya) ilə gücünü yoxlayıb. Olimpiya çempionu ilə qarşılaşma Qaşım üçün uğurlu alınıb. Yığma üzvü bu görüşdə də rəqibə gücünü göstərərək 2:0 hesabı ilə qalib gəlib və finala vəsiqə qazanıb. O, çempionluq uğrunda cənubi koreyalı Park Tae-Junla qarşılaşıb. Təəssüf ki, ilk raundda zədələnən Qaşım ikinci hissədə döyüşü davam etdirə bilməyib və Olimpiadanı gümüş medalla bitirib.
Bu, milli komandamızın Paris-2024-də qazandığı 3-cü mükafat olub. Daha öncə cüdoçularımız Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) qızıl medala sahib olub.
Qeyd edək ki, Qaşım Avropa çempionatlarının qızıl və bürünc mükafatçısıdır.
Facebook-da paylaş