Yığmamız UEFA Millətlər Liqasında meydana çıxır - OYUNA HANSI KANALDA BAXAQ?
Azərbaycan milli komandası UEFA Millətlər Liqasında çıxışına start verir.
Qurban Qurbanovun çalışdırdığı komandamız Bakı Olimpiya Stadionunda Kosovo yığmasını qəbul edəcək. Bu, həm də 46 yaşlı mütəxəssisin millinin sükanı arxasında ilk rəsmi matçı olacaq.
Ötən ilin noybarında baş məşqçi təyin olunan Q.Qurbanov bu müddətdə komandanı 6 yoldaşlıq görüşünə çıxarıb. Moldova (0:0) və Makedoniya (1:1) ilə heç-heçə edən yığma, Belarusla (0:1) Qazaxıstana (0:3) uduzub. Əvəzində, Qırğızıstan (3:0) və Latviyanı məğlub edib (3:1).
Kosovo komandasının baş məşqçisi Bernar Şalland da postunda yenidir. Bu ilin martında işə başlayan 67 yaşlı isveçrəli mütəxəssis heyəti 3 yoldaşlıq oyununda sınayıb. Onun rəhbərlik etdiyi kollektiv Madaqaskar (1:0), Burkina Faso (2:0) və Albaniyaya (3:0) qalib gəlib.
2016-cı ilin mayında FİFA və UEFA-ya üzv qəbul olunan Kosovo yığması yalnız 2018-ci il dünya çempionatının seçmə mərhələsində iştirak edib. Səfərdə Finlandiyaya qarşı keçirdiyi ilk rəsmi matçda 1:1 hesablı heç-heçə edən kosovolular, təsnifat mərhələsindəki digər 9 qarşılaşmada uduzublar. Cəmi 3 qol vuran yığma, 24 top buraxıb.
Hazırda FİFA reytinqində Azərbaycan millisi 1207 xalla 105-ci, Kosovo yığması isə 1080 xalla 141-ci yerdədir.
İlk dəfə təşkil olunan Millətlər Liqası AVRO-2020-yə vəsiqə qazanmaq üçün əlavə, eyni zamanda əla şansdır. Çünki UEFA-ya üzv olan 55 ölkənin yığma komandaları qitə futbol qurumunun reytinqində yer aldıqları mövqeyə uyğun olaraq 4 liqaya və səbətlərə bölünüblər. 1 – 12-ci yerlər A, 13 – 24-cü yerlər B, 25 – 39-cu yerlər C, 40 – 55-ci yerlər isə D liqasına düşüblər.
Bu liqaların qalibləri AVRO-2020-yə vəsiqə əldə edəcəklər. Qaliblər hər liqada qrup birinciləri arasında təşkil olunacaq "Dördlər finalı”nda müəyyənləşəcək. Burada bir matçdan ibarət yarımfinal və final olacaq.
Azərbaycan millisi Kosovo, Malta və Farer adaları yığmaları ilə birgə III qrupda yer alıb.
Qeyd edək ki, Azərbaycan - Kosovo oyunu canlı yayımlanacaq. Oyun "CBC Sport" telekanalı vasitəsi ilə birbaşa nümayiş olunacaq.
UEFA Millətlər Liqası
D liqası, III qrup
7 sentybar
20.00 Azərbaycan - Kosovo
Hakimlər: Ola Hobber Nilsen, Harald Qronevik, Oskar İsaksen, Simon Ytterland (Norveç).
Əlavə köməkçi hakimlər: Espen Andreas Eskas, Tom Harald Hagen (Norveç).
Hakim-inspektor: Lusilio Kardozo Kortez Batista (Portuqaliya).
UEFA nümayəndəsi: Martin Sturkenboom (Hollandiya).
Bakı Olimpiya Stadionu.
Facebook-da paylaş