Azərbaycan millisinin baş məşqçisi: Portuqaliya yığması barədə geniş danışmağa ehtiyac yoxdur
Ən güclü rəqib bizə düşdü.
BrendSport.az xəbər verir ki, bunu qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Avropa çempionatının pley-off mərhələsinin püşkatması barədə AFFA-nın rəsmi saytına açıqlamasında deyib.
Mütəxəssis rəqibləri olan Portuqaliya yığmasının güclü komanda olduğunu bildirib: “Potensial rəqiblərin hamısı yaxşı idi. Pley-offda zəif rəqib olmur. Portuqaliya yığması barədə geniş danışmağa ehtiyac yoxdur. Onların gücləri hər kəsə bəllidir”.
S.Əsgərov Portuqaliya yığmasına qarşı layiqli mübarizə aparacaqlarını deyib: “Boş yerə bu mərhələdə olmadığımızı rəqibə göstərməliyik. Komanda olaraq üzərimizə düşəni artıqlaması ilə etməyə çalışacağıq. Oyunlar oktyabrda keçiriləcəyi üçün hələ vaxtımız var. Maksimum dərəcədə yaxşı hazırlaşacağıq. İnanıram ki, ölkəmizə, millimizə yaraşan oyun nümayiş etdirəcəyik. Son iki ildə bu yerlərə qədər gəlib çıxmağımız sevindirici haldır. Yaddaqalan oyunlar göstərmək istəyirik”.
Baş məşqçi ikinci pley-off mərhələsindəki potensial rəqibləri də dəyərləndirib: “Məncə, mümkün rəqiblərin duelində Çexiya qalib gələcək. Onlar Avropa çempionatının seçmə mərhələsinin A Liqasında çıxış ediblər. Həmin liqadan gələn komandalar yüksək keyfiyyətə malikdirlər”.
Qeyd edək ki, Azərbaycan seçməsi Portuqaliya yığması ilə ilk oyununu oktyabrın 23-də evdə, cavab görüşünü oktyabrın 29-da səfərdə keçirəcək. Azərbaycan – Portuqaliya və Belarus - Çexiya cütlərinin qaliblərinin qarşılaşmaları isə noyabrın 27-də və dekabrın 3-də olacaq.
Facebook-da paylaş