Azərbaycan millisinin baş məşqçisi: Göstərdik ki, ölkəmizdə qadın futbolu inkişaf edir
“Kiprlə oyundan öncə qarşımıza konkret hədəf qoymuşduq. Çox sevinirik ki, məqsədimizə çatdıq”.
BrendSport.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında qadın futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Siyasət Əsgərov UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda Kipr seçməsinə 1:0 hesabı ilə qalib gəldikləri səfər oyununu şərh edərkən deyib.
36 yaşlı mütəxəssis komandası ilə fəxr etdiyini bildirib: “Oyun zamanı futbolçularda istək və mübarizə əzmi özünü büruzə verirdi. Komandamız göstərdi ki, ölkəmizdə qadın futbolu inkişaf edir. Onlarla qürur duyuram. Qızlar təlim-məşq toplanışı zamanı planlaşdırılan hər şeyi matçın əvvəlindən sonuna kimi maksimum dərəcədə etməyə çalışdılar və nəticədə qələbə bizim oldu. İnanıram ki, bundan sonra daha yaxşı işlərə imza atacağıq”.
Baş məşqçi B liqasına yüksəlməyin komandası üçün böyük üstünlük olduğunu söyləyib: “Avropa çempionatının seçmə mərhələsinin püşkatması olacaq və biz B səbətində yer alacağıq. Püşkatmaya hər zaman C səbətindən qoşulduğumuz üçün güclü rəqiblərlə eyni qrupa düşürdük. Bu isə bizə çətinlik törədirdi. Püşkatmada bəxtimiz gətirsə, rəqiblərdən xal ala bilərik”.
Qeyd edək ki, beş oyundan sonra 13 xal toplayan Azərbaycan millisi qrup liderliyini təmin etməklə B liqasına vəsiqə qazanıb. Komanda qrupda son oyununu dekabrın 5-də Bakıda Farer adaları yığmasına qarşı keçirəcək. "Dalğa Arena"da reallaşacaq matç saat 16:00-da başlayacaq.
Facebook-da paylaş