Azərbaycan millisinin baş məşqçisi: Avropa çempionatında işimiz asan olmayacaq
“Hazırlıqlarımız iki aydır başlayıb. Bu müddət ərzində Azərbaycan çempionatının final matçları olduğu üçün məşqlərimizi fasilələrlə keçirdik. Hazırda komandada hər şey qaydasındadır. Avropa çempionatına yaxşı formada hazırlaşmışıq”.
BrendSport.az xəbər verir ki, bu sözləri minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev iyunun 1-9-da Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunacaq Avropa çempionatına hazırlıq barədə jurnalistlərə açıqlamasında deyib.
Mütəxəssis bildirib ki, komandasını F qrupunda İtaliya, Fransa və Belçika yığmaları ilə çətin oyunlar gözləyir: “Əziyyət çəkmişik və inanıram ki, bəhrəsini görəcəyik. İşimiz asan olmayacaq. Çox ağır qrupa düşmüşük. Amma yenə də biz dünya reytinqində ikinci pillədəyik. Ən güclü komandalardan biri hesab olunuruq. İddialıyıq. Qrup mərhələsini zədəsiz keçmək istəyirik. Nəyə qadir olduğumuz qrupda bəlli olacaq”.
E.Quliyev rəqibləri yaxşı təhlil etdiklərini söyləyib: “Fransa və İtaliya seçmələrinin oyun üslubunu analiz etmişik. Zəif tərəflərimiz də var. Onların üzərində işləyirik. Lakin üstün tərəflərimiz də var. Biz daha sürətli və texnikalı kollektivik. Orada bu üstünlüklərimizdən yaxşı istifadə etməliyik ki, nəticə qazanaq. Qrupda daha az güc sərf etmək istəyirik. Bunu bacara bilsək, daha çox yol qət edə bilərik. Güclü və təhlükəli rəqiblərimizin olmasına baxmayaraq çalışacağıq ki, özümüzü yaxşı tərəfdən göstərək”.
O, Avropa çempionatında əsas hədəflərinin finala yüksəlmək olduğunu vurğulayıb: “Rəhbərlik tərəfindən qarşımıza qoyulan əsas tapşırıq budur. Çünki son Avropa çempionuyuq. Buna bir dəfə nail olmuşuq. İstəyirik ki, bu dəfə də istədiyimiz mərhələyə kimi gedib çıxa bilək”.
Facebook-da paylaş