Premyer Liqa: autsayderlər Qəbələdə üz-üzə gələcəklər, “Zirə” ev oyununa çıxacaq
Azərbaycan Premyer Liqasında XVI tur davam edir.
BrendSport.az xəbər verir ki, bu gün daha iki oyun keçiriləcək.
İlk olaraq bölgə komandaları üz-üzə gələcəklər. Autsayderlər “Qəbələ” ilə “Kəpəz” birincilərin meydançasında qarşılaşacaqlar. Hazırda “qırmızı qaralar”ın hesabında 11, sonuncu pillədəki gəncəlilərdə isə 10 xal olduğundan, oyun prinsipial xarakter daşıyır.
Günün ikinci matçında “Zirə” meydançaya çıxacaq. Rəşad Sadıqovun kollektivi doğma arenasında “Araz-Naxçıvan”ı qəbul edəcək. Ötən turda “Neftçi”yə uduzan bakılılar daha bir xal itkisi ilə rəqiblərinin ona yaxınlaşmasına şərait yarada bilər. Naxçıvan təmsilçisi qalib gələrsə, aradakı xal fərqini 3-ə endirəcək. Hazırda “Zirə” 28 xalla ikinci, “Araz-Naxçıvan” isə 22 xalla beşinci sıradadır.
Qeyd edək ki, turun açılış oyununda “Qarabağ” “Sumqayıt”ı səfərdə 6:1 hesabı ilə məğlub edib. “Sabah” – “Səbail” və “Neftçi” – “Turan Tovuz” oyunları dekabrın 10-da keçiriləcək.
Premyer Liqa
XVI tur
9 dekabr (şənbə)
15:00. “Qəbələ” – “Kəpəz”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Kamran Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Emin Cəfərov
Qəbələ şəhər stadionu
17:00. “Zirə” – “Araz-Naxçıvan”
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Əli Əliyev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Zirə İdman Kompleksinin stadionu
Facebook-da paylaş