Türkiyədə sablya üzrə qadınlar arasında dünya kubokunun mərhələ yarışına start verilib
İstanbulda qılıncoynatmanın sablya növü üzrə qadınlar arasında dünya kubokunun mərhələ yarışına start verilib. Üç gün davam edəcək yarışın birinci günündə şəxsi mübarizədə təsnifat mərhələsindən əsas mərhələyə yüksələn qadın sablyaçılar müəyyənləşib.
Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən BrendSport.az-a bildiriblər ki, cari ildə keçirilən iki Dünya Kubokunun qalibi Anna Baştanın reytinqi yüksək olduğundan sablyaçımız şəxsi yarışda mübarizəyə əsas mərhələdən başlayacaq.
Digər təmsilçilərimizdən Valeriya Bolşakova istisna olmaqla, Zərifə Hüseynova (2 qələbə), Sevil Bünyatova (4 qələbə), Səbinə Kərimova (2 qələbə) və Polina Kaspiaroviç (3 qələbə) qrup mərhələsini uğurla adlayaraq pley-offa yüksəlib.
Zərifə ilk pley-off görüşündə fransalı Kolin Suzana 7:15 hesabı ilə uduzub. Polina Kaspioroviç ilk pley-off görüşündə ispan Paula Montaya (15:8) qalib gəlsə də, əsas mərhələyə yüksəlmək üçün keçirilən görüşdə ABŞ təmsilçisi Maqda Skarbonkieviçə 8:15 hesabı ilə məğlub olub.
Sevil Bünyatova ilk pley-off görüşündə Yivi Şillingerə (Almaniya) 15:2 hesabı ilə qalib gəlib. Sevil ən güclü 64-lüyə yüksəlmək uğrunda keçirilən görüşdə yapon Yui Sanoya (11:15) uduzub. Səbinə Kərimova ilk pley-off qarşılaşmasında Aigerim Sarıbay (Qazaxıstan) üzərində 15:11 hesablı qələbə qazanıb. Kərimova növbəti görüşdə ispan Elena Hernandezə 12:15 hesabı ilə məğlub olub.
Şəxsi yarışda qalibin adına sabah aydınlıq gələcək. Anna Başta əsas mərhələnin ilk görüşündə ən güclü 32-liyə yüksəlmək üçün ABŞ təmsilçisi Xloe Fox-Gitomer ilə qarşılaşacaq.
Facebook-da paylaş