Portuqaliya gimnastı: Bakıda olmaqdan həzz alırıq
Bakıda təşkil olunan yarışlardan həzz alırıq.
Bunu BrendSport.az-a açıqlamasında Bakıda keçirilən batut gimnastikası üzrə dünya kubokunun iştirakçısı, Portuqaliya idmançısı Pedro Ferreyra bildirib.
"Təsnifat mərhələsindəki çıxışımdan razı qaldım, hər şey əladır. Yarışdan əvvəlki məşq uğurlu alındı və bu, yarışda öz nəticəsini verdi. Qrupumda birinci yeri tutdum, bu, növbəti mərhələdə mənə güc və inam verəcək", - deyə P.Ferreyra bildirib.
Bakıya yeddinci dəfə gəldiyini qeyd edən portuqaliyalı gimnast deyib: "Bakı böyük və gözəl şəhərdir. Biz hamımız burada olmaqdan həzz alırıq və dünya kubokunda iştirak etmək imkanı əldə etdiyimiz üçün çox şadıq. Yarışın təşkili əladır, komandamız hər şeydən razıdır, hər yerdə müsbət atmosfer və mehriban münasibət hökm sürür”.
Qeyd edək ki, batut gimnastikası üzrə dünya kuboku fevralın 12-13-də Bakıda Milli Gimnastika Arenasında keçirilir. Yarışda Azərbaycanı milli komandanın üzvü Selcan Maqsudova təmsil edir.
Azərbaycan Gimnastika Federasiyasının 2022-ci ildə təşkil etdiyi ilk beynəlxalq yarışda dünyanın 13 ölkəsindən 60-a yaxın idmançı iştirak edir. Yarışlar Beynəlxalq Gimnastika Federasiyasının (FIG) yeni qaydalarına uyğun keçirilir.
İki gün davam edəcək yarışın nəticələrinə əsasən, kişilər və qadınlar arasında fərdi proqram və sinxron tullanmalar üzrə qaliblər müəyyənləşəcək. Bundan əlavə, ənənəvi olaraq AGF Trophy Kuboku təqdim olunacaq.
Yarışlar Azərbaycan Nazirlər Kabinetinin xüsusi icazəsi əsasında, ölkədə qüvvədə olan karantin qaydalarına, sanitar-epidemioloji tələblərə uyğun və tamaşaçılarsız keçirilir.
Facebook-da paylaş