Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Söhrab Əliyev: İnsan arzuladığı bədən formasına daha çox çəki atmadan da sahib ola bilər

Söhrab Əliyev: İnsan arzuladığı bədən formasına daha çox çəki atmadan da sahib ola bilər

Məşq prosesi hər bir insanın yaşına və bədən formasına görə fərqli rejimdə həyata keçirilir. Standart başlanğıc üçün “tam bədən” (full body) prosesi məsləhət görülür. Bu məşq prosesi bütün əzələ qruplarının işlədilməsini nəzərdə tutur. Fitnesə yeni başlayanlara hər əzələ üçün bu hərəkətləri hər birində 8-12 sayda olmaqla üç dəfə icra etmək məsləhət görülür. “Full body” rejimində həftədə üç dəfə olmaqla yüngül çəkilərlə əzələni çox yormadan işlətmək vacibdir. Bu əzələnin daha tez bərpa olmasına və tonuslanmasına səbəb olur. Sonrakı mərhələdə güc tətbiqi və məşqlərin sayı mütəmadi qaydada artırılır.
Bunu klassik bodibildinq üzrə mütləq Azərbaycan çempionu, fitnes üzrə peşəkar təlimatçı Söhrab Əliyev BrendSport.az-a məxsusi müsahibəsində deyib.
Epilepsiya, ürək çatışmazlığı və digər ciddi xəstəlikləri olan şəxslərə məşq etməyi məsləhət görməyən S.Əliyev bildirib: “Ancaq bu, heç də o demək deyil ki, həmin şəxs məşqdən tamamilə imtina etməlidir. Məsələn, ayağında zədəsi, belində protruziya, skalioz və digər problemləri olan şəxslərin məşq etməsində heç bir maneə yoxdur. Bunun üçün müxtəlif üsullar və alternativ hərəkətlər mövcuddur. Fitneslə məşğul olmağın yaş məhdudiyyəti yoxdur. Qidalanmaya və məşqlərə düzgün yanaşan yaşlı və gənc insanlar gözəl bədən quruluşu əldə edə bilərlər. Mənim 64 yaşlı tələbəm olub ki, nəzarətim altında heç bir problem olmadan məşqləri və əzələ inkişafı normal davam edib. Hətta deyə bilərəm ki, onun nəticələri gənclərinki ilə eyni, bəzən daha yüksək olurdu. Təbii ki, yaş amili nəzərə alınır və ona uyğun məşq prosesi tətbiq olunur”.
Ölkəmizdə fitneslə bağlı bəzən yanlış yanaşmalara da rast gəlindiyini vurğulayan Azərbaycan çempionu deyib: “Fitnes zalı çəkiatma mərkəzi deyil. Bəziləri fitnesə artıq çəkidən xilas olmaq üçün müraciət edirlər. Əsasən belə yanaşmadan qurtulmaq lazımdır. Məşq prosesinə sağlam həyat tərzi və fit görünmək üçün qatılmaq məsləhət görülür. Nəticə tərəzidə deyil, güzgü qarşısında gorünməlidir. Bəzən tərəzi və güzgüdəki nəticələr tamamilə fərqli ola bilir. Məsələn, insan arzuladığı bədən formasına daha çox çəki atmadan da sahib ola bilər. Bunun üçün məşq prosesi peşəkar mütəxəssislərin müşayiəti ilə keçirilməlidir. Əks təqdirdə, qeyri-peşəkar yanaşma, bədəndə əzələnin tonusdan düşməsi nəticəsində üzdə və bədən nahiyələrində sallanma, qanazlığı və bir çox problemlər yarana bilər. Fitnesə yeni başlayanların (kişilər) əksəriyyəti sinə və qol əzələlərini işlətməyi sevirlər. Bədənin digər mühüm əzələlərini, məsələn, kürək və ayaq əzələlərini işlətmirlər. Bu, zaman keçdikcə disproporsiyaların yaranması ilə nəticələnək. Əsl fitnes bütün əzələ qruplarının balanslı şəkildə işlədilməsi deməkdir. Məşq prosesində böyük və kiçik əzələlər biomexanikasına uyğun, düzgün, güc və çəki tətbiq etməklə işlədilməlidir.
“Məşq prosesində qidalanma faktoru ən əsas göstəricilərdəndir. Belə ki, fit görünüşün qazanılmasında 70 faiz qida, 30 faiz isə məşq amili dayanır. Qida rasionu bədəndəki yağ faizinə, zülallar, karbohidratlar və yağların ölçüsünə görə təyin olunur. Məşqə yeni başlayan insan bunu özü təyin edə bilməz. Bunun üçün məşq prosesinə peşəkar mütəxəssislər nəzarət etməlidirlər. Bu, fitnes həvəskarlarının daha tez nəticə əldə etməsinə səbəb olacaq”, - deyə S.Əliyev əlavə edib.
Ölkə çempionu qeyd edib ki, məşq prosesi zamanı genetik faktor da əsas götürülür. Bəzən 13-14 yaşlı yeniyetmələrin orqanizmləri onların fitnes ilə məşğul olmalarına imkan verir. Hazırkı dövrdə bəzi yeniyetmələrdə skalioz, sümük boşluğu, insulin rezistentlik, D vitamini çatışmazlığı və digər kimi problemlər mövcuddur. Bəzən 18 yaşında müraciət edənlər də olur ki, onların fitneslə məşğul olmaları məqsədəuyğun hesab edilmir. Fitnesə adətən 16 yaşdan sonra başlamaq məsləhətdir.


Facebook-da paylaş

Xəbəri paylaş