Bakıda batut gimnastikası üzrə 28-ci dünya yaş qrupları yarışları davam edir
Bakıda batut gimnastikası üzrə 28-ci dünya yaş qrupları yarışları davam edir.
BrendSport.az xəbər verir ki, çempionatın ilk günündə 13-14 yaş qrupunda oğlanlar və qızlar arasında batut gimnastikası yarışlarında qaliblər müəyyənləşəcək. Həmçinin 15-16 yaş qrupunda qızlar və oğlanlar arasında tamblinq yarışlarının da qalibləri bəlli olacaq. Turnirdə 17-21 yaş qrupunda kişilər və qadınlar arasında ikili mini-batut yarışlarında mükafatçıların adları açıqlanacaq. Eləcə də, 11-12 yaş qrupunda qızlar və oğlanlar arasında batut üzərində sinxron tullanış yarışlarının mükafatçıları müəyyənləşəcək.
Milli Gimnastika Arenasında 4 gün davam edəcək yarışda ölkəmizi 15 gimnast təmsil edir. Oğlanların yarışında İbrahim Mustafazadə, Ammar Baxşəliyev, Mehdi Əliyev, Maqsud Mahsudov, Nicat Mirzəyev, Əli Niftəliyev, Aleksey Karataşov, Elnur Məmmədov, Hüseyn Əsədullayev, Bilal Qurbanov, Adil Hacızadə və Tofiq Əliyev çıxış edəcəklər. Qızların mübarizəsində isə Səma Cəfərova, Şəfiqə Hümbətova və Selcan Məhsudova medallar uğrunda yarışacaqlar.
Yarışda 32 ölkədən 621 idmançı iştirak edir. Gimnastlar həm batut, həm tamblinq, həm də ikili minibatut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyalarında mübarizə aparacaqlar.
Turnirdə gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda çıxış edəcəklər. Bundan əlavə, komanda hesabında da qaliblər müəyyənləşəcək.
Yaş qrupları yarışlarında hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutacaq. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.
Facebook-da paylaş