Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Qeyrət qanın qaynadan poeziya” adlı onlayn dərs


“Qeyrət qanın qaynadan poeziya” adlı onlayn dərs

Xəzər Universitetində Humanitar, Təhsil və Sosial elmlər fakültəsinin I kurs tələbələrinə Dillər və ədəbiyyatlar departamentinin müəllimi Qardaşxan Əzizxanlının moderatorluğu ilə Məhəmmədhüseyn Şəhriyarın həyat və yaradıcılığına həsr olunmuş “Qeyrət qanın qaynadan poeziya” adlı onlayn dərs keçirilib.
BrendSport.az xəbər verir ki, universitetin İqtisadiyyat və Menecment fakültəsinin I kurs tələbələrinin də qatıldığı açıq dərsdə Təbrizdən tanınmış şəhriyarşünas, “Qürub” dərgisinin baş yazarı Rza Həmraz iştirak edib.
Məhəmmədhüseyn Şəhriyarın öz səsində “Yalan dünya” şeiri ilə başlayan dərsdə Q.Əzizxanlı bütün Şərq və dünya ədəbiyyatını “Heydərbabaya salam”ı ilə salamlamış ulu şairin bu poetik “salamlaşma”sı üzərində gəzişmələr edərək, əsərin təkcə Şəhriyarın həyatında və yaradıcılığında deyil, Güneyli-Quzeyli Azərbaycan ədəbiyyatında yeni bir mərhələnin başlanğıcı olduğunu qeyd edib. Fənn müəllimi, həmçinin unudulmaz şairin “Türkün dili”, “Azərbaycan”, “Azərbaycan gözəlinə”, “İki qardaş arasında”, “Qəm basdı qəlyanımı” və başqa bənzərsiz poetik nümunələrindən parçalar söyləyib.
Şəhriyar elinin hörmətli qonağı R.Həmraz “Türkü çeşməsini dərya edən” şairin bioqrafiyasının və yaradıcılığının nisbətən az məlum olan tərəflərinə işıq salıb, şeirin şah gülü Şəhriyarın xatirəsinin necə əziz tutulduğundan, keçirilən “Şəhriyar günləri”ndən söz açıb, “Aman, ayrılıq”, “Azadlıq quşu “Varlıq”, “Oyun olduq”, “Türk övladı, qeyrət vaxtıdır” kimi neçə-neçə Vətən sevdalı şeirlərin müəllifinin birlik arzularından danışıb.
Təbrizli qonaqla dialoq şəklində keçən dərsdə tələbələrdən Tacir Həşimov, Elvin Məmmədsalahov, Şahin Əliyevin M.Şəhriyardan söylədikləri şeir parçaları, “Yüz illər keçsə də, bir-birimizə olan sevgimizi tükədə bilmirlər”, “Bizim ağlımızda, düşüncəmizdə Azərbaycan bütövdür və bu həmişə də belə olacaq” kimi fikirləri, R.Həmraza ünvanladığı sualları dərsin ən maraqlı məqamlarından olmaqla, kövrək duyğular yaradıb.


Facebook-da paylaş

Xəbəri paylaş