Möhtəşəm qələbədən sonra Qurban Qurbanov
Avropa Liqasının pley-off mərhələsində "Qarabağ" "Şerif"i 3:0 hesabı ilə yenərək qrup mərhələsinə adlayıb.
Matçdan sonra Ağdam təmsilçinin baş məşqçisi Qurban Qurbanov oyun haqda bunları söyləyib.
"Futbolçularımı təbrik edirəm. Sona qədər qələbə üçün əllərindən gələni etdilər. Əsl xarakter göstərdilər. Çətinliklə hazırlaşırdıq. Çox stress var idi. Narazılıqlar futbolçularıma çox təsir edirdi. Çalışdıq ki, maksimum hazırlaşaq. İstədiyimiz kimi oynadıq. Azarkeşlərimiz də möhtəşəm idi. Hər birinə təşəkkür edirəm.
Ardıcıl beşinci dəfə qrup mərhələsinə yüksəldik, buna çox şadıq. Çalışacağıq ki, yenə də layiqincə çıxış edək, qrupda xallar qazanaq. Bu komanda ilə fəxr etmək olar.
Həmişə problemlər olur, onları həll etməyə çalışırıq. Əlimizdə olan heyətdən maksimum yararlanmaq istəyirik. İstədiyim komandanı indiyə kimi formalaşdırmamışam. Hər bir məşqçi daha yaxşı heyət qurmağı arzulayır. Müdafiə xəttində həmişə kiçik səhvlər olur.
Futbolçular və yeni transferlərlə bağlı danışan mütəxəssis fikirlərini belə dilə gətirib: "Bədavi bir neçə epizodda inamsız oynadı. Amma yaxşı ki, sonradan bu həyacan da keçdi, oyunu hiss etməyə başladı. Psixoloji yorğunluq da fiziki duruma təsir edir. Sıxıntı varsa, futbolçu tez yorulur. Hansısa bir anda özünü sırf mübarizəyə həsr edirsən və yorğunluq unudulur.
Transferlərlə bağlı onu deyim ki, Arazla bağlı danışıqlar gedir. Onu komandamda görmək istəyirəm. Arazın bir neçə klubu var, onlarla anlaşa bilsək, futbolçunu heyətə qatacağıq.
Sosial şəbəkələrdən istifadə etmirəm, amma saytlardan tənqidləri oxumuşam. Tənqid olmasa, işləmək olmaz. Amma bir qədər tənqidlərdə tələsiklik oldu. Bu da futbolçularda həyacan, gərginlik yaratdı. Bununla belə azarkeşlərin də haqqı var ki, bizə tələbkar yanaşsınlar. Biz futbolu onlar üçün oynayırıq.
Uğur əldə etdikcə daha artığını istəyirik. Bu, bizim futbolumuz üçün vacibdi."
Qurbanov "Qrup mərhələsi üçün bu stadionu təqdim etmişik. Amma dəyişiklik ola bilər. Ola bilsin ki, Olimpiya Stadionunda oynadıq. Sabah püşkatmada hansı komandalara rəqib olacağımızın fərqi yoxdu. Qrup mərhələsində rəqiblər eyni olur. "Astana" ilə qrupda qarşılaşmağı xüsusiylə arzulamışam", deyə bildirib.
Facebook-da paylaş