Rumıniyanın Konstansa şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının 4-cü mərhələsi baş tutub
Ölkəmizi bu yarışda Ramiz Həsənov (70 kq), İbrahim Yusubov (90 kq) və Oyan Nəzəriani (+90 kq) təmsil edib. Güləşçilərimiz qrup mərhələsini uğurla adlayaraq yarımfinala yüksəliblər.
BrendSport.az xəbər verir ki, Həsənov yarımfinalda Valentin Seymetslə gərgin keçən görüşdən qalib ayrılıb – 3:2. Ramiz finalda ukraynalı Aleksey Boruta 0:3 hesabıyla məğlub olaraq gümüş medalla kifayətlənib.
Yusubov final yolunda amerikalı Tayson Beauperthuya heç bir şans tanımayıb – 3:0. İbrahim həlledici görüşdə ukraynalı Aleksey Yakovçuka tam üstünlüklə (3:0) qalib gələrək qızıl medal qazanıb.
Nəzəriani prinsipial görüşdə gürcüstanlı Mamuka Kordzayanı üstələyib – 1:0. Türkiyəli Fatih Yaşarlıyla final qarşılaşması gərgin mübarizə şəraitində keçib. Son saniyələrdə qələbəni əldən verən Oyan 2:3 hesabıyla məğlub olub və gümüş medalı boynundan asıb.
Beləliklə, çimərlik güləşi üzrə millinin üzvləri Dünya Seriyasının dördüncü mərhələsində 1 qızıl və 2 gümüş medal qazanıb.
Qeyd edək ki, Dünya Seriyasının final mərhələsi oktyabrın 14-15-də Türkiyənin Muğla şəhərində keçiriləcək.
Facebook-da paylaş