Braziliyada Pelenin məqbərəsi açılıb
Mayın 15-də futbol üzrə üçqat dünya çempionunun dəfn olunduğu qəbiristanlıqda əfsanəvi futbolçu Pelenin memorialı ziyarətçilərin üzünə açılıb.
BrendSport.az xəbər verir ki, bu barədə nekropolun saytında məlumat verilib.
Məqbərəni həftə içi saat 9-dan 12-yə qədər və 14-dən 18-ə qədər ziyarət etmək mümkündür. Giriş pulsuz olsa da, ziyarət tarixini öncə rezerv etmək tələb olunur.
“Futbol kralı”nın nəşi olan tabut onun əvvəllər özünün seçdiyi “Ekumenika” nekropolunun ərazisindəki xüsusi məqbərədə quraşdırılıb. Tikili dünyanın ən hündür şaquli qəbiristanlığı kimi Ginnesin Rekordlar Kitabına daxil edilib.
Xatırladaq ki, Pele ötən il dekabrın 29-da 82 yaşında vəfat edib. İdmançı uzun müddət daxili orqanların sıradan çıxmasına səbəb olan xərçənglə mübarizə aparıb.
Facebook-da paylaş