Fərid Qayıbov: Gənclər və İdman Nazirliyinin yaxın illər üçün strategiyası hazırlanır
Noyabr ayı kifayət qədər intensiv, dolğun oldu. Həm idman, həm də gənclər sahələrində mövcud vəziyyətin təhlili və planlaşdırılması üçün ardıcıl işlər aparıldı.
BrendSport.az xəbər verir ki, bu fikirlər gənclər və idman naziri Fərid Qayıbovun noyabr ayı ərzindəki fəaliyyətlə bağlı qeydlərində əksini tapıb.
Nazir qeydlərində bildirib ki, Zəfər Günü münasibətilə Dənizkənarı Milli Parkda təşkil edilmiş “Qələbə qaçışı” əlamətdar hadisə oldu. Azərbaycanın əksər bölgələrindən müxtəlif yaş kateqoriyalarından olan insanlar qaçışa qoşularaq qələbəni bizə yaşadanları yaşatmaq üçün birlik nümayiş etdirdilər və YAŞAT Fonduna dəstək oldular.
Ötən ay ölkəmizdə 3 nüfuzlu beynəlxalq yarışın təşkil olunduğunu deyən nazir qeydlərində vurğulayıb: “İki yüzədək idmançının iştirakı ilə cüdo üzrə “Böyük dəbilqə”, 33 ölkənin iştirakı ilə batut gimnastikası üzrə 35-ci dünya çempionatı və 28-ci dünya yaş qrupları yarışları keçirilib. Hər bir yarış əsasən, gənc nəsil arasında idmana marağın artırılması və onun ayrı-ayrı növlərinin daha çox tanıdılmasına hesablanıb. Bu yarışların keçirilməsi Azərbaycanı müxtəlif idman növləri üzrə uğurlu təşkilatçı kimi bir daha tanıtdı”.
Noyabrda idman sahəsindəki vəziyyətlə tanışlığını qılıncoynatma və badminton federasiyalarında davam etdirən F.Qayıbov bildirib ki, cüdo, üzgüçülük, qılıncoynatma, şahmat, voleybol və velosiped federasiyalarının hesabat-seçki konfransları keçirilib. Müzakirələrdə işlərin sistemli, şəffaf və əlaqəli qurulması məsələləri xüsusi qeyd edilib. Həmçinin Azərbaycan idmançılarının müxtəlif idman növləri üzrə beynəlxalq və dünya səviyyəsində keçirilən yarışlarda uğurlu çıxış və qələbələri bizi çox sevindirdi. Hesabat ayında taekvondo, boks və karate üzrə nüfuzlu beynəlxalq yarışlarda uğurlar əldə etmiş idmançılarla görüşlər keçirdim. İnanıram ki, idmançılarımızın qələbələri davamlı olacaq, biz isə onları diqqətlə izləyib və fəxrlə qarşılayacağıq.
“Nazirliyin kollegiya iclasında Olimpiya və Paralimpiya komandalarımızın Tokiodakı nəticələri, müsbət və mənfi tərəfləri müzakirə edilib. Növbəti Olimpiya Oyunlarında yüksək nailiyyətlərin əldə olunmasına əsaslı zəmin yaradılması məqsədilə bir sıra tapşırıqlar verilib. Nazirliyin yanında fəaliyyət göstərən və seçki yolu ilə yeni tərkibdə formalaşdırılmış İctimai Şuranın üzvləri ilə görüş keçirilib. Görüşdə gənclər və idman sahəsinin bütün subyektləri arasında vəzifələrin düzgün bölüşdürülməsi, təkrarçılıq və paralelizmin qarşısının alınması, boşluqların aradan qaldırması haqqında fikirlər səsləndirilib. Nazirliyin tabeliyində olan 22 gənclər evinin rəhbərləri ilə Qaradağ Gənclər evində görüş olub. Görüşdə hər birinin fəaliyyətinə dair məlumat dinlənilib, gənclərlə işin təkmilləşdirilməsi və yeni çağırışlara uyğun qurulması üçün təkliflər səsləndirilib. Ölkə gənclərinin, xüsusilə rayon və kəndlərdə yaşayanların, İT və modelləşmə sahəsində potensialını artırmaq məqsədilə, gənclər evlərində pilot layihənin keçirilməsi zəruridir”, - deyə nazir qeydlərində xüsusi vurğulayıb.
Noyabrda nazirlikdə kadr islahatlarından danışan F.Qayıbov Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Mariana Vasileva və İndira Hacıyevanın nazir müavini təyin olduqlarını bildirib. Qeyd olunub ki, nazirliyin yaxın illər üçün strategiyası hazırlanır, bu məqsədlə geniş sosioloji tədqiqatın aparılması planlaşdırılır. Nazirlikdə və tabe qurumlarda çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması və idarəetmənin təkmilləşdirilməsi məqsədilə çox komponentli layihənin həyata keçirilməsi nəzərdə tutulur.
Facebook-da paylaş