Səbuhi Rəcəbin ad gününə...
İnsan bir işin ardınca o zaman gedir ki, özünü buna tam hazır hiss edir. Mənim kimi! Uzun zamandır ki, onun barəsində yazmağı düşünürdüm. Onu uzun illərdir tanımağıma baxmayaraq yazmaq bu günə, ad gününə nəsib imiş.`Hər insanın əməlləri onun yaşamının və həyat tərzinin monitorudur. Əslində məni cəlb edən onun məşhur idmançı olması deyil, xeyriyyəçi və dünyasevər olması idi. Adı çəkilən zaman xoş söz eşitmək, onun haqqında müsahibinin odlu-alovlu nitqində bəhs edilən bu insan, getdikcə çirkinləşən cəmiyyətdə dünyanın ən gözəl çiçəyi olan nülufərə bənzəyir.
Bu gün qələmə aldığım insan dəyərli eloğlumuz, xeyriyyəçi və nümunəvi ailə başçısı Səbuhi Rəcəbdir. Yunan filosofu Platon insanları üç təbəqəyə bölmüşdür. Birinci təbəqədə ağıl sahibləri olan insanlar yer almaqdadır. Çünki, onların mənəviyyatında düşüncə digər duyğuları üstələyir. Bu səbəbdən də ağıl sahibi olan insanlarda ideyaların ardıcıllığı ilə ahəngi əks olunur və bu kimi insanlar ideal gözəlliyi də dərk edə bilirlər. Onlar həmçinin xeyrə doğru yönələrək ədalət və həqiqət tərəfdarları olub, dünyanın aldadıcı özəlliklərinə aldanmırlar. Məhz, ağıl sahibi olan insanlar müdrikliyə sahib olurlar. İkinci təbəqəni emosianal insanlarhttps://az.wikipedia.org/wiki/Platon - sitat_qeyd-22 təşkil edir ki, bu kimi insanlar da əsasən özlərinə qapansalar da igidlik və mərdlik örnəyidirlər. Onlar əsasən orduda qulluq etməli, ictimai asayışı qorumalı, öz xidməti borclarını yerinə yetirməlidirlər. Üçüncü təbəqəni isə dünyaya bağlı olanlar təşkil edirlər.
Onların ruhları maddi aləmdən həzz almağa meyllidir. Bu təbəqədən olan insanlar əsasən fiziki əməklə məşğul olmalı, dövlətin maddi vəziyyətini yaxşılaşdırmalı, ölkəyə qulluq etməlidirlər. Bu üç amili özündə birləşdirən insan isə, Səbuhi Rəcəb kimi özünü cəmiyyətə kamil insan olaraq təqdim edə bilir. Mənim yazımı oxuyanlar elə düşünəcəklər ki, biz Səbuhi Rəcəblə yaxın dostuq. Əslində biz bir-iki tədbir xaric heç üz-üzə kəlmə kəsməmişik. Bir insana rəğbət bəsləmək, sevmək, örnək göstərmək o insanın həyat qazancıdır. Səbuhinin ən böyük qazancı hələ gənc yaşından cəmiyyətdə özünə yer tutmasıdır.
Qısa arayış verim.
Səbuhi Vaqif oğlu Rəcəb 20 oktyabr 1982-ci ildə Bakı şəhərində anadan olub. 1989-ci ildə Bakı şəhərinin, Qaradağ rayonunun 228 saylı orta məktəbinə daxil olmuşdur və 1999-cu ildə əla qiymətlərlə məktəbi bitirəndən sonra 461 bal toplayaraq Bakı Dövlət Universitetinin hüquq fakultəsinə, 2003-cü ildə həmin ixtisası üzrə fərqlənmə ilə bakalavr diplomu alaraq magistraturaya qəbul olunub. 2005-ci ildə fərqlənmə ilə magist dərəcəsini alıb. 2005-2006-cı illər ərzində Mərkəzi Ordu İdman Klubunun tərkibində hərbi xidmətini başa vurub.
2003-2006-cı illərdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində inzibati və cinayət hüququ şöbəsində işləmişdir. Peşəkar idmançıdır. 2007-ci ildən biznes fəaliyyəti ilə məşğul olur. Hal-hazırda restoran, qida, turizm və inşaat sahəsində sahibkarlıq fəaliyyəti var. "İbrahim 2010" MMC və "12 May" MMC-nin prezidentidir, Gövhar Group və İmza Media Group-un sahibidir. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xeyriyyəçisidir. 2014-2015-ci illər ərzində Azərbaycan Sambo Federasiyasında Döyüş Sambosu üzrə vitse-prezidenti vəzifəsində olmuşdur. 2015-ci il oktyabr ayından başlayaraq Azərbaycan Kikboksinq Federasiyasında vitse-prezident vəzifəsinə təyin edilib. Azərbaycan Kikboksinq Federasiyasında vitse-prezidenti, Azərbaycan Sambo Federasiyasında Döyüş Sambosu üzrə sabiq vitse-prezident və peşəkar idmançıdır. Ailəlidir. İki oğlu və iki qız övladı var.
Daim mətbuatın diqqətində olan idmançı müsahibələrin birində idmana gəlişini belə şərh edir:”İdmana lap uşaqlıqdan həvəs göstərmişəm. Həmin vaxtlar Bryüs Li, Jan Klod Van Dam, Ceki Can kimi tanınmış idmançıların çəkildiyi filmlərə sevə-sevə baxırdım (gülür). Bunun nəticəsi olaraq, 1989-cu ildə Sahil qəsəbəsində karate bölməsinə yazıldım. 8 il sonra taekvondo idman növü ilə məşğul olmağa başladım. Sonradan isə kikboksinq və boks idman növlərinə həvəs göstərdim. Kikboksinq idman növündə müəllimim Rauf Aydınov, boksda isə Zahid Əliyev, Nurələm Mərdanov olub. Bir neçə beynəlxalq turnirlərin qalibi və mükafatçısı olmuşam. Hazırda peşəkar səviyyədə olmasa da, idmanla məşğul olmağı davam etdirirəm. Qeyd edim ki, kikboksinq və muaytay üzrə idman ustasıyam. Bu gün Ulu Öndərin layiqli davamçısı olan Ali Baş Komandan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev eynilə ulu öndərin irs qoyduğu bu siyasəti davam etdirir və bizlərə də bu yolda müəyyən tapşırıq və göstərişlər verir. Tapşırıq və göstərişləri həyata keçirtmək üçün zənnimcə olimpiya idman növlərindən geri qalmayan hər şəhərdə, hər bir kənd, hər qəsəbə və hər mənzildə tanınan sevilən kikboksinq idman növü də bu gün Adil Əliyevin rəhbərliyi sayəsində günü-gündən inkişaf edir və yeni-yeni uğurlar qazanır”. Onu da qeyd edim ki, Səbuhi Rəcəb Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov tərəfindən "Fəxri Diplom"la da mükafatlandırılıb.
Mərhəmətli insan olmaq Səbuhi Rəcəb üçün elə də çətin deyil. Çünki o ailədə, yəni kiçik cəmiyyətdə elə sevgi dolu bir qayda yaradıb ki, bizim payımıza sadəcə xoş hiss, xoş duyğuların məftunluğunu yaşamaq düşür. Musiqi, xeyriyyə zövqünün harmoniyası, vətənpərvər və ləyaqətli olmağı insanı keyfiyyətlərini tam formalaşdırıb. Xeyriyyəçiliyi sevsə də bu barədə reklamı sevməyən bir insan qəlbən Allaha çox bağlı biridir. Eləcə də, Allahın yaratdığ hər şeyə qəlbinin, sevgisinin gözüylə baxan bir insan da cəmiyyətin qürur yeridir. Bu günlərdə sosial şəbəkədə duyğulu bir statusa rast gəldim. Küçədə toz- torpağa bulaşmış, yağışda islanan bir pişiyi evə gətirib çimizdirmək, müalicə etmək, ancaq Səbuhiürəkli insanların işidir. Adətən bəzi insanların təpiyi ilə itələdikləri küçə heyvanlarına olan diqqət və qayğısı böyük ürəyin, insanlığın bariz nümunəsi deyilmi?
Yaponlarda belə bir qədimdənqalma adət var. Ailənin təntənəli günləri bir tərəfə qalsın, adi günlərdə də masa arxasında pozulmaz qayda ilə əyləşmək tələb olunur. Evdən çıxan, yaxud evə gələn hər kəsə səs-səsə verib - "Yaxşı yol!", yaxud "Xoş gəlmisiniz!" - demək adətdir. Səbuhi Rəcəb də uşaqlarını bu cür, mehriban, diqqətcil yetişdirir. Nə gözəldi, deyilmi?! Uşaq tərbiyə etmək dünyanın ən çətin, şərəfli və həm də vacib işlərindən biridir! Bunun üçün ciddi bacarıq, məsuliyyət tələb olunur. Həm də böyük sevgi. Ümumiyyətlə, Səbuhi Rəcəbdə ilahi və həyat sevgisi o qədər böyükdür ki, sanki bütün kainata xeyir ələmək, təbiətə sevgiylə rəng vermək, böyük-kiçik qüsurları düzəltmək, uşaqlara sevgi vermək üçün gəlib dünyaya. Öz imkanı çərçivəsində əlindəki tikəni hər kəslə bölüşən və bölüşməyə hazır olan insan Allahın imanlı bəndəsidir. İnsanın mənəvi sərvəti onun qəlbinin zənginliyindədi. Dərin fəlsəfi mahiyyət, müdrikliklə sadəliyin dialektik vəhdəti olmasaydı Səbuhi Rəcəb cəmiyyətdə sevilənlərdən olmazdı.
Yazımın qəhrəmanı torpağa bağlılığı ilə də seçilir. İnsanın doğulduğu, yaşadığı torpağa münasibətini özünün ən ali, ən yüksək vəzifəsi bilən Səbuhi Rəcəb deyir: ”İnsanın bir mövqeyi olmalıdır. Bir yola çıxırsansa, xeyriyyəçilik edirsənsə konkret mövqeyin olmalıdır. Əgər biz bu gün bir şəhid ailəsinə cüzi də olsa bir işdə kömək etmiş oluruqsa, bu insanlıq borcudu. Tam səmimi deyirəm, mən düşünürəm ki, əgər mən də gedib Qarabağda şəhid olaramsa mənim uşaqlarıma və həyat yoldaşıma kimsə kömək durmalıdır. İstər qohum olsun, istərsə yad. Mən gedib torpaq uğrunda şəhid oluramsa, geridə qalanların borcudur ki, şəhidin ailəsinə kömək olsun. Qiyamət günündə hamımız bir-birimiz ilə üzləşəcəyik. Onda həmin şəhid soruşacaq ki, mən gedib vətən uğrunda döyüşüb şəhid oldum, sən neylədin? Onda şəxsən mənim deməyə sözüm olacaq. Ona görə də bu gün mən öz çalışdığım məkanda bacardığım qədər bu ailələrin üzvlərinə yardımçı olmağı özümə borc bilirəm. Bu reklam üçün deyil. İnsanlığı olan hər kəs bunu etməlidir. Hərdən mənə elə gəlir ki, həmin şəhidlər göy üzündən bizə baxırlar.”.... Məncə bir insanın xarakterini təyin etmək üçün bu yetərlidir! Artıq şərhə ehtiyac yoxdu.
Əzizimiz Səbuhi Rəcəb! Deyir, əgər qapınızı bir yetim döydüyü vaxt onu əli boş qaytarmırsızsa, bu pak imana işarədir, cünkü onu sizin evə göndərən Allahdır. Sən bu düşüncəni özünə yar edib illəri adlayırsan. Aylar sıralanır, illər ötüşür. Hər bitən ilin sonu ömrün ötənləri yada düşür, qəlb dil açır ürəyinlə danışır, olub keçənləri bir-bir xatırlayır, uşaqlığı, gəncliyi, acılı-şirinli xatirələri misralara düzür. İllər, fəsillər, xatirə şəkillər bir-bir sadalanır. Bəziləri elm ünvanına, bəziləri el ünvanına, bəziləri də insanlıq ünvanına yazılır. Sənin adın kimi, əziz qardaş! Sənin xeyir əməllərin yağışdan sonra çimib paklanan çəmən çiçəklərində günəşin zərrəsi bərq vuran, ətrafa xoş aora yayan laləzara bənzəyir.
Bu gün ad günündür və mənim də hədiyyəm bu kiçik yazıdır!
Əziz qardaş! Mən təmsil etdiyim qurum adından, qəzetimiz adından və öz adımdan sənin ad gününü təbrik edir, sənə uzun ömür, can sağlığı, çıxdığın bu pak iman yolunda bol uğur arzulayıram! Allah gözəl yuvanı qorusun! Həyatda hər şeyin ən gözəli nəsibin olsun!
Sevgiylə,
Şərafət Şəfa
Facebook-da paylaş