Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İcra başçısı Dünya və Olimpiya çempionları ilə görüşüb



Xəbər verdiyimiz kimi, ölkə idmançılarımız daha bir mötəbər yarışda iştirak etməyə hazırlaşırlar. Bu ilin oktyabr ayında Macarıstanda keçiriləcək Dünya çempionatında iştirak edəcək Azərbaycan Respublikasının sərbəst güləş üzrə Olimpiya Milli yığma komandası yarışla əlaqədar Qazaxda təlim-məşq toplantılarına başlayıb.

BrendSport.az saytı Goyezen.az saytına istinadən xəbər verir ki, avqustun 9-dan başlayan təlim-məşq toplantılarında Azərbaycan idmançıları ilə yanaşı, Rusiya və Kanada Milli yığma komandalarının üzvləri də iştirak edir. Dünya və Olimpiya çempionatlarının mükafatçılarından Hacı Əliyevin, Şərif Şərifovun, Cəbrayıl Həsənovun və başqalarının yer aldığı təlim-məşq toplantılarına ümumilikdə 40 idmançı qatılıb.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov idmançılarla görüşüb, onlara göstərilən diqqət və qayğı ilə maraqlanıb.

Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi, 2012-ci ildə dünyanın ən yaxşı məşqçisi seçilmiş, “Şöhrət” ordenli məşqçi Firdovsi Umudov ölkəmizdə idman sahəsinə və idmançılara göstərilən diqqət və qayğıdan danışıb. Qeyd edib ki, birinci növbədə belə müasir standartlara cavab verən Olimpiya İdman Kompleksinin biz idmançıların istifadəsinə verilməsinə görə ölkə başçısı İlham Əliyevə öz minnətdarlığımızı bildiririk. Eyni zamanda, rayonda idman sahəsinə, idmançılara, xüsusən də bizə göstərilən diqqət və qayğıya görə başda siz İcra Başçısı Rəcəb Babaşov olmaqla, aparatın bütün işçilərinə idmançılar adından öz təşəkkürümü çatdırıram.

Keçirilən təlim-məşqlər barədə məlumat verən F.Umudov qeyd edib ki, Dünya və Olimpiya çempionatlarının mükafatçıları olan Azərbaycan idmançıları ilə yanaşı, Rusiya və Kanada Milli yığma komandalarının üzvləri də iştirak edir. Bu da ölkəmiz, xüsusilə də rayonumuz üçün sevindirici haldır. Çünki təlim-məşq toplantılarının Qazaxda keçirilməsində əsas məqsədimiz rayonda idman sahəsinə xüsusi diqqət və qayğı göstərildiyini çatdırmaqdır. Rayonun sürətli inkişaf etdiyini bütün dünya ictimaiyyətinə, xüsusilə də gələn qonaqlara göstərməkdir. Bundan əlavə, gənc və yeniyetmələrin, rayon idmançılarının bu təlim-məşq toplantılarında idmançların yarışlarını canlı olaraq izləmələrini və yararlanmalarını təmin etməkdir.

F.Umudov qeyd edib ki, Milli komandanın məşqçisi Dünya çempionu Arif Abdullayev, Avropa çempionu Zəlimxan Hüseynov kimi güclü idmançılarımız bu gün Qazaxda keçirilən təlim-məşq toplantılarında sərbəst güləşin sirlərini idmançılarımıza öyrədirlər. Bundan əlavə, sevindirici haldır ki, Milli yığma komandanın tərkibində Qazax güləş məktəbinin yetirmələri də yer alıb.

Sonra İcra Başçısı Rəcəb Babaşov idmançılarla tanış olub və onların təəssüratlarını öyrənib.

Kanadadan olan idmançı Cleopas NCMBE çıxış edərək təlim-məşqləri və rayonla bağlı təəssüratlarını bölüşüb:

- Biz Kanadadan bura təşrif buyurmuşuq. Azərbaycan güləşinin dünya güləş səviyyəsində yüksək yerdə olduğu üçün biz burdayıq. Biz Firdovsi müəllimin rəhbərliyi ilə bu təlim-məşq toplantılarında iştirak etməkdən çox məmnunuq. Xüsusən də biz Qazaxda olmaqdan çox məmnunuq. Qazaxın əhalisi çox gülərüz və mehribandır. Bizim burda yaşamımız çox gözəldir. Özümüzü evimizdəki kimi hiss edirik. Qazax mənim ikinci Vətənimdir.

Qonaq idmançı ilə səmimi söhbət edən İcra Başçısı Rəcəb Babaşov qeyd edib ki, bu gün respublikamız gündən-günə inkişaf edir. Respublikanın mərkəzindən 551 km məsafədə yerləşən Qazax rayonu da gündən-günə inkişaf edir. Qazax mədəniyyət mərkəzidir və tarixi şəxsiyyətlər yetişdirib. Əhalisinin sayı 97600 olmasına baxmayaraq universitetlərdə 1000 nəfərdən yuxarı professor-müəllim heyəti çalışır. Bütün məşhur şair və yazıçılarımız Qazaxdandır. Güləşçilərimiz haqqında da məlumatınız var ki, onun canlı əfsanəsi Firdovsi Umudovdur.

Üçqat Dünya çempionu, ikiqat Avropa çempionu, Olimpiya oyunlarının mükafatçısı Hacı Əliyev də öz ürək sözlərini bildirərək qeyd edib ki:

- 2007-2008-ci illərdə çempionatla bağlı Qazaxda olmuşduq. O vaxtdan bu vaxta kimi Qazax çox dəyişib, gözəlləşib. Bu gün biz çox sevinirik ki, yenidən Qazaxda məşq edirik. Bir daha Firdovsi müəllimə təşəkkür edirik ki, bizə yenidən Qazaxda məşq etmək imkanı yaratdı. Belə gözəl təbiəti olan rayonda məşq edirik. Sizlərə sağ ol deyirik ki, biz idmançılara belə diqqət və qayğı göstərirsiniz. Biz də çalışacağıq ki, gələcəkdə ölkəmizin bayrağını daim yüksəklərə qaldıraq və Azərbaycanın idman ölkəsi olduğunu bütün dünyaya bir daha sübut edək.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sonda bir daha idmançılara uğurlar arzulayaraq ürək sözlərini bildirib. Qeyd edib ki, bu gün bu təlim-məşq toplantılarının Qazaxda keçirilməsinin, Dünya və Avropa çempionlarının Qazaxda olmasının bizim üçün çox böyük əhəmiyyəti vardır. Yerli idmançılarımız, xüsusən də güləşçilərimiz bu məşqlərdən yararlana bilirlərsə, bu, ümumilikdə ölkə idmanının inkişafı deməkdir. Bu gün Prezident İlham Əliyevin respublikamızın bütün regionlarında idman sahəsinə və idmançılara göstərdiyi diqqət və qayğı öz bəhrəsini verir. Azərbaycan gündən-günə öz uğurlarını artıraraq idman ölkəsi kimi öz adını güclü dövlətlər sırasına yazdırır.

Sonda İcra Başçısı idmançılarla xatirə şəkli çəkdirib.

Xatırladaq ki, təlim-məşq toplantıları avqustun 25-dək davam edəcəkdir.














Facebook-da paylaş

Xəbəri paylaş