“Bavariya” UEFA Super Kubokunun qalibi olub
Sentyabrın 25-də UEFA Super Kubokunun yeni sahibi müəyyənləşib.
BrendSport.az xəbər verir ki, sayca 45-ci Super Kubok uğrunda oyunda UEFA Çempionlar Liqasında 2019-2020-ci il mövsümünün qalibi Almaniyanın “Bavariya” klubu ilə UEFA Avropa Liqasını qazanmış İspaniyanın “Sevilya” komandası üz-üzə gəlib.
Macarıstanın paytaxtı Budapeştdəki “Ferents Puşkaş” stadionunda keçirilmiş görüşdə “Bavariya” əlavə vaxtda qələbə qazanıb - 2:1. İngiltərəli referi Entoni Teylorun idarə etdiyi görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə nəticələnib. Hesabı 13-cü dəqiqədə “Sevilya”nın futbolçusu Lukas Okampos penalti ilə açıb. Matçın 34-cü dəqiqəsində Leon Qoretska bərabərlik qolunu vurub. Əlavə vaxtda “Bavariya” qələbə topuna imza atıb. Qarşılaşmanın 104-cü dəqiqəsində vurulmuş qolun müəllifi Xavi Martines olub.
Pandemiya dövründə ilk dəfə avrokubok matçı azarkeşlərin iştirakı ilə keçirilib.
“Bavariya” tarixində ikinci dəfə UEFA Super Kubokuna yiyələnib. Münhen komandası ilk dəfə bu titula 2013-cü ildə sahib olub. Super Kuboka cəmi bir dəfə yiyələnmiş “Sevilya” isə beşinci dəfə həlledici görüşdə uduzub.
Ümumiyyətlə, Super Kuboku indiyədək ən çox İtaliya “Milan”ı və İspaniya “Barselona”sı qazanıb - hərəyə 5 dəfə. Kataloniyalılar 4, “qırmızı-qaralar” isə 2 dəfə həlledici oyunda uduzublar.
Titul uğrunda ötən 11 matçın 9-da İspaniya klubları (Barselona 5 dəfə, Atletiko və Real Madrid 3 dəfə) qələbəni bayram ediblər.
Super Kuboku ən çox qazanan da Pireney təmsilçiləridir. İspaniyalılar 27 oyunun 15-də qalib gəlməyi bacarıblar. İtaliya klubları isə 9 dəfə Super Kuboka sahib çıxıblar.
Titulu ümumilikdə 12 ölkədən 24 fərqli komanda qazanıb.
Facebook-da paylaş