Avropa çempionatına yekun vuruldu
Bolqarıstanın Plovdiv şəhərində keçirilən parataekvondo üzrə Avropa çempionatına yekun vuruldu.
ATF-dən BrendSport.az saytına verilən məlumata görə, sayca 7-ci olan qitə çempionatında 5 idmançı ilə təmsil olunan milli yığma komandamızın iki üzvü fəxri kürsüdə yer alıb. Belə ki, K44 +58 kq çəki dərəcəsində mübarizə aparan qadın taekvondoçumuz Aynur Məmmədova yarışın qızıl medalını qazanıb.
Nicat Müslümov ( K-43 -75 kq) isə yarımfinalda məğlub olaraq yarışı bürünc medalla başa vurub. Digər 3 təmsilçimiz İmaməddin Xəlilov, Əbülfəz Abuzərli və Vüqar Adışirinov yarımfinala vəsiqə uğrunda döyüşdən məğlub ayrılıb.
Xatırladaq ki, Plovdiv şəhərinin "Kolodruma" idman sarayında baş tutan G4 kateqoriyalı yarışın qalibləri aktivlərinə 40 reytinq xalı əlavə etmiş olur.
Böyük məşqçilər Yaşar Səfərov və Fərid Tağızadənin rəhbərliyi ilə növbəti uğura imza atan millimiz 11 iyun tarixində vətənə dönəcək.
Nəzrin Alxasqızı
Facebook-da paylaş