Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Batut gimnastikası üzrə ölkə çempionatı və Bakı birinciliyi start götürüb



Batut gimnastikası üzrə 8-ci açıq Azərbaycan çempionatı və Bakı birinciliyinə start verilib.

BrendSport.az
xəbər verir ki, Bakı Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 110-dək idmançı qüvvəsini sınayır.

Turnirdə “Ocaq Sport” Klubu, Bakı Gimnastika Məktəbinin (İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin (BGM) təmsilçilərinə, Qazaxıstan, Latviya, Sloveniya və Gürcüstanın batut gimnastikası üzrə yığmalarının üzvləri, eləcə də “Şevardeni” və Batumi klublarının (hər ikisi Gürcüstan) gimnastları da qoşulublar.

Yarışda idmançılar fərdi və sinxron proqramda balacalar (2017-ci il), uşaqlar (2014-2016), yeniyetmələr (2012-2013), gənclər (2008-2011) və böyüklər (2007-cı il və daha böyük) yaş kateqoriyaları üzrə ustalıqlarını nümayiş etdiriblər.

Batut gimnastikası üzrə yığmanın baş məşqçisi Vladimir Şulikin Latviya, Qazaxıstan, Slovakiya və Gürcüstanı təmsil edən gimnastların yerli yarışlarda iştirakının xoş olduğunu söyləyib: “Açıq çempionat keçirməyimizin səbəbi gələn il beynəlxalq turnirin təşkil edilmə ehtimalıdır. Ümid edirəm ki, həmin vaxt Bakıya müxtəlif ölkələrdən idmançılar gələcəklər. Bu, həmin yarışın kiçik anonsudur. Buraya gələn qonaqlar da təşkilatçılıqdan razı qalıb. Yarış çox yaxşı keçir. Ümid edirəm ki, Azərbaycan idmançıları layiqli nəticələr göstərəcəklər”.

O, açıq Azərbaycan çempionatı və Bakı birinciliyinin beynəlxalq yarışlara hazırlıq xarakteri daşıdığını bildirib: “Bu turnirlər böyüklərdən ibarət komanda üçün fevralın 23-25-də Bakıda keçiriləcək Dünya Kuboku öncəsi sınaqdır. Ümumilikdə bütün yeniyetmə gimnastların hazırlığını yoxlayacağıq. Tamblinq üzrə böyüklərin yarışında 4 gimnastımız çıxış edəcək. Onlar arasında dünya çempionumuz da var. Birinci və ikinci yerlərə iddia edəcəyimizi əminliklə deyə bilərəm. Batut gimnastikasında ölkəmizi Olimpiya lisenziyasına iddialı Selcan Mahsudova təmsil edəcək. Onun hazırlığı yaxşı gedir. İnanırıq ki, bu vəzifənin öhdəsindən layiqincə gələcək. Bundan başqa, yeniyetmələrin komandasından böyüklərə keçən üç oğlan gimnastımız ilk dəfə bu yarışda qüvvələrini sınayacaqlar. Onların hər birinə kombinasiyaları düzgün şəkildə yerinə yetirə bilmələri üçün xüsusi tapşırıqlar verilib. Gənclərdən böyüklərə keçmək həmişə çətin olur. Ümid edirik ki, bunu bacaracaqlar”.

Fevralın 23-25-də Milli Gimnastika Arenasında keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya Kubokuna da toxunan mütəxəssis həmin yarışın “Paris-2024” Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıdığını vurğulayıb: “Bu səbəbdən yarışda bütün güclü gimnastlar mübarizə aparacaqlar. İdmançılarımız lisenziya qazanmağa çalışacaqlar. Olimpiya, dünya və Avropa çempionları Bakıya gələcəklər. Hamını yarışa gəlməyə, idmançıları, xüsusilə də Selcanı dəstəkləməyə dəvət edirəm. Azarkeşlərin qarşısında çıxış etmək onlara da xoş və asan olacaq”.

Qeyd edək ki, bu gün start götürən 8-ci açıq Azərbaycan çempionatı və Bakı birinciliyinə fevralın 16-da yekun vurulacaq.


Facebook-da paylaş

Xəbəri paylaş