Beynəlxalq Cüdo Federasiyası Akademiyasının Azərbaycanda regional mərkəzinin açılışı olub
Beynəlxalq Cüdo Federasiyası (İJF) Akademiyasının Azərbaycanda regional mərkəzinin açılış mərasimi keçirilib.
BrendSport.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Rəşad Rəsullu bildirib ki, Beynəlxalq Cüdo Federasiyası tərəfindən Akademiyaya Regional Mərkəz statusu verilib. O, bu mərkəzin həm məşqçilər, həm hakimlər, həm də idmançıların inkişafı üçün çox vacib olduğunu diqqətə çatdırıb.
Azərbaycanla yanaşı, Türkiyə və Gürcüstanla da əməkdaşlıq etdiklərini vurğulayan Beynəlxalq Cüdo Federasiyasının Akademiyasının direktoru Envin Qalia isə bildirib ki, bu gün onun üçün xüsusi məna ifadə edir. Azərbaycan cüdoçularının Paris Olimpiadasında əldə etdiyi uğurlardan da bəhs edən direktor deyib ki, bu nailiyyətlər Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Azərbaycan Cüdo Federasiyasının birgə səylərinin nəticəsidir.
Gənclər və idman naziri Fərid Qayıbov qeyd edib ki, 16 il sonra Azərbaycan cüdoçularının Olimpiadada qızıl medal qazanması ölkə idmanı üçün tarixi hadisədir. Regional mərkəzin əhəmiyyətindən danışan nazir ACF-nin belə bir təşəbbüsün parçası olduğu üçün çox şanslı olduğunu söyləyib.
Tədbirdə Rio Olimpiadasının gümüş mükafatçısı Rüstəm Orucova da ekspert statusu verilib.
Sonda Azərbaycan Cüdo Akademiyasının məşqçilərinə sertifikatlar təqdim olunub.
Facebook-da paylaş